sehiyye.info

Birinci doza COVID-19 vaksini vurduranlar təşvişdə - immunitet niyə yaranmır?

Birinci doza COVID-19 vaksini vurduranlar təşvişdə - immunitet niyə yaranmır?
"Əgər 1 doza vaksin dayanıqlı immunitet yaratsaydı, 2-ci doza tətbiq edilməzdi. Ümumiyyətlə, qeyd edim ki, kifayət qədər immunitet birinci vaksin vurulan gündən 40-42 gün sonra yaranır"

Koronavirus (COVID) əleyhinə peyvəndin birinci dozasını vurduranların virusa yoluxması insanlar arasında vaksinə şübhələr yaradıb. Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseynin koronavirusa yoluxması isə bu şübhələri daha da artırıb. Partiya sədrinin fevralın 23-də partiya üzvləriylə birlikdə COVID-19 əleyhinə peyvənd vurdurmağına rəğmən virusa yoluxması sosial platformada müzakirəyə çevrilib.

Sehiyye.info xəbər verirki,Sputnik Azərbaycan vaksinin birinci dozasından sonra COVID-19-a yoluxmanın səbəblərini araşdırıb.

İnfeksionist Vüqar Cavadzadə Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, vaksinin birinci dozasından sonra COVID-19-a yoluxma vaksinə inamı azaltmamalıdır. Çünki vaksinin 1-ci dozası insan orqanizmində bu virusa qarşı tam immunitet yaratmır: "Vaksinin iki mərhələli vurulmasının da səbəbi 1 doza vaksinin insan orqanizmində bu virusa qarşı tam immunitet yaratmaması ilə bağlıdır. Bu səbəbdən də 28 gündən sonra vaksinin ikinci dozası vurulur. Peyvəndin birinci dozasından sonra koronavirusa yoluxan insanlar da nəzərə almalıdırlar ki, birinci doza orqanizmdə kifayət qədər immunitet yaratmır".

V.Cavadzadə deyir ki, peyvənd vurulduqdan 14 gün sonra orqanizmdə virusa qarşı immunitet yaranır: "Əgər 1 doza vaksin dayanıqlı immunitet yaratsaydı, 2-ci doza tətbiq edilməzdi. Ümumiyyətlə, qeyd edim ki, kifayət qədər immunitet birinci vaksin vurulan gündən 40-42 gün sonra yaranır".

İnfeksionistin sözlərinə görə, 1-ci dozadan sonra virusa yoluxanlarda təbii immunitet yarandığından onların peyvəndin ikinci dozasını almasına ehtiyac yoxdur:

"Vaksinin 1-ci dozasından sonra peyvənd olunan şəxs COVID-19-a yoluxursa, ona ikinci doza vaksini vurmağa ehtiyac yoxdur. Belə şəxslərə vaksin 6 aydan sonra vurula bilər. Təcrübə də göstərir ki, insanlar virusa yoluxandan 6 ay müddətinə xəstələnmirlər".
V.Cavadzadə 1-ci doza vaksindən sonra koronavirusa yoluxma hallarının insanlarda peyvəndə inamı azaltmamalı olduğunu söyləyir. Həmsöhbətimiz bildirir ki, yoluxma halları baş verdikdə belə, vaksin vasitəsi ilə qazandığımız anticisimlər sayəsində xəstəlik yüngül şəkildə keçiriləcək: "Vaksinasiyada əsas məqsəd ağırlaşmaların və ölüm hallarının qarşısını almaqdır".

Səhiyyə Nazirliyindən isə bildirdilər ki, vaksinasiya prosesinə start verildikdən sonra qurum tərəfindən peyvənd olunmuş şəxslərin özünü qoruması barədə dəfələrlə açıqlamalar verilib: "Hər kəs bilməlidir ki, vaksin vurulan kimi insanı qorumur. Çünki bu, ümumi vaksinasiya prinsipidir. Vaksinasiyadan bir müddət sonra orqanizmə yeridilmiş preparata qarşı anticisimlər, qoruyucu maddələr əmələ gəlməyə başlayır. Ona görə peyvənd tətbiqindən sonra da özümüzü qorumağa davam etməliyik".




REKLAM