Braziliya COVID-19-a qarşı Rusiya vaksinini oktyabrda testləşdirməyə başlayacaq
Oktyabrın sonunda Braziliyanın Parana ştatında 10 minə yaxın könüllü yeni vaksinin sınaqlarında iştirak edəcək.
Sehiyye.info xəbər verir ki, rusiyalı alimlər tərəfindən COVID-19-a qarşı yaradılmış “Sputnik V” vaksini oktyabrın axırlarında Braziliyada sınaqdan keçiriləcək. Bundan əvvəl səhiyyə orqanları həmin vaksinin ölkədə istifadəsinə razılıq verməlidir.
“Sputnik V” vaksini bəyəniləcəyi təqdirdə COVID-19-a qarşı vaksin hesab edilməyə beşinci namizəd olacaq. Bu vaksin minlərlə insanın iştirakı ilə klinik tədqiqatların üçüncü mərhələsində Braziliyada sınaqdan keçiriləcək.
Avqustun ortalarında “Johnson & Johnson” şirkəti öz vaksininin Braziliyada sınaqdan keçirilməsinə icazə alıb. Ölkədə İngiltərə-İsveç müştərək əczaçılıq şirkəti “AstraZeneca” və Oksford Universiteti, Almaniyanın “BioNTech” konsorsiumu və Çinin “Sinovac Biotech” şirkəti tərəfindən hazırlanmış vaksinlər də sınaqdan keçirilir.
Braziliya pandemiyadan ən çox zərər çəkmiş ölkələr arasında ABŞ-dan sonra ikinci yeri tutur. Dörd milyon nəfərin koronavirusa yoluxduğu və 125.584 adamın həlak olduğu bu ölkə COVID-19-dan müxtəlif potensial vaksinlərin sınaqdan keçirilməsi üçün ideal məkandır.
Britaniyada çıxan “The Lancet” tibb jurnalında “Sputnik V” vaksininin klinik sınaqlarının uğurlu nəticələri ətraflı təsvir edilən məqalə dərc olunandan az sonra Braziliyanın həmin vaksini sınaqdan keçirməyə hazır olduğu elan edilib.
“The Lancet” nəşrinin yazdığına görə Rusiya vaksini klinik sınaqların birinci mərhələsində tətbiq edildiyi insanlarda anticisimlər yaradır və heç bir fəsad doğurmur.//Azertac