Məşhur tibb jurnalı Azərbaycanın Çindən aldığı vaksini müsbət qiymətləndirdi
Məşhur tibb jurnalı “The Lancet” Azərbaycanın Çindən aldığı “Sinovac” şirkətinin istehsal etdiyi “CoronoVAC” vaksini haqqında geniş məqalə dərc edib.
“Report”un jurnala istinadən verdiyi xəbərə görə, məqalədə vaksinin əhəmiyyəti, onun pasiyentlər üzərində aparılan uğurlu sınaqları haqqında qeydlər yer alıb.
Məqalədə deyilir ki, “CoronoVac” vaksininə COVID-19-a yoluxma riski yüksək olan 60 yaş və daha yuxarı şəxslərin çox ehtiyacı var. Bu vaksin qeyd edilən yaş qruplarında olan şəxslərin təhlükəsizliyinin, dözümlülüyünün və immunogenliyinin artırılması üçün istifadə edilir.
"CoronoVac” vaksini Çinin Hebey (Hebei) əyalətinin Renku (Renqiu) şəhərində təsadüfi üsulla hər iki gözü kor insanlarda kliniki şəraitdə test edilib. Belə ki, vaksin 0-28 gün arasında 2 dozada əzələyə inyeksiya edilir. Vaksinasiya prosesində iştirak edən bütün tərəflər - tədqiqatçılar, həkimlər, laborantlar hamısı maskadan istifadə etməlidir və ilk dozadan sonra vaksinasiya olunan şəxsin vaksinə reaksiyası müşahidə edilir. Əvvəlcədən bütün iştirakçılarla razılaşdırıldığı kimi 28 gündən sonra ikinci doza vurulur.
Jurnal yazır ki, 2020-ci ildə 22 may və 1 iyun tarixləri arasında birinci faza üzrə 72 nəfərin, 12-15 iyun tarixlərində isə ikinci faza üzrə 350 nəfərin üzərində sınaq vaksinlənmə həyata keçirilib. 28 gün ərzində hər hansı əks reaksiyaya rast gəlinməyib.
Araşdırmaların sonunda “The Lancet” qərara gəlir ki, adıçəkilən vaksin yaşlı şəxslərin dözümlülüyünə müsbət təsir edir və heç bir təhlükəsi yoxdur.
Xatırladaq ki, Azərbaycan da “Sinovac” şirkətinin istehsal etdiyi “CoronoVAC” alır. Mərhələli şəkildə ölkəyə gətirilən vaksinlərin ilkin mərhələdə 60 yaşdan yuxarı insanlar, tibb işçiləri, polis əməkdaşları və digər risk qruplarından olan şəxslərə vurulmasına başlanılıb.
Qeyd edək ki, “Azərbaycan Respublikasının COVID-19 əleyhinə 2021-2022-ci illər üçün vaksinasiya strategiyası”nın əsas məqsədi ölkədə geniş yayılmış koronavirus pandemiyasının qarşısının alınmasına, virusa yoluxma və ölüm səviyyəsinin aşağı salınmasına nail olmaqdır. Vaksinin əhəmiyyəti immuniteti gücləndirmək yolu ilə xəstəlikdən qorunmaq, infeksiyanın ötürülməsini məhdudlaşdırmaq, ölüm halının qarşısını almaq və nəticədə səhiyyə sisteminə düşən yükü azaltmaqdan ibarətdir.//oxu.az