sehiyye.info

Tibb Universitetinin Tədris Terapevtik Klinikasında təşkil edilən təlimlərin yekunlarına dair toplantı keçirilib

Tibb Universitetinin Tədris Terapevtik Klinikasında təşkil edilən təlimlərin yekunlarına dair toplantı keçirilib
Bu gün Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Terapevtik Klinikasında Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) nümayəndəsi və Azərbaycan ofisinin rəhbəri Hande Harmancının başçılığı ilə klinikada təşkil edilən təlimlərin yekunlarına dair toplantı keçirilib.

Universitetin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, klinikanın direktoru professor Surxay Musayev koronavirusla mübarizə istiqamətində ölkədə, eləcə də ATU-da, o cümlədən klinikada görülən işlərdən danışıb.

Türkiyədən ölkəmizə gətirilmiş həkimlərin nümayəndə heyətinin rəhbəri Hamza Zeytinoğlu, qrupun rəhbəri Nasiman Əlili, klinikaya təhkim olunmuş qrupun rəhbəri Turanə Rəsulova, həkimlər Ramin Verdixanov, Ləman Yaqubova və Zərifə Açıqgöz slaydlar vasitəsilə gördükləri işlər barədə məlumat veriblər.

Daha sonra çıxış edən ÜST-ün nümayəndəsi və Azərbaycan ofisinin rəhbəri Hande Harmancı Tədris Terapevtik Klinikasında görülən işləri yüksək qiymətləndirib. Bununla yanaşı o, klinikanın gördüyü qabaqlayıcı tədbirlərin düzgün aparıldığını diqqətə çatdırıb.

Toplantıda, həmçinin həkimlərlə fikir mübadiləsi aparılıb. Gələcəkdə bu əlaqələrin daha da möhkəmləndirilməsi və klinikanın normal iş şəraiti zamanı da belə təlimlərin keçirilməsinə dair birgə fikrə gəlinib. Toplantının sonunda klinikanın direktoru bir daha Heydər Əliyev Fonduna, ÜST-ün Azərbaycan nümayəndəliyinə, TƏBİB-ə, Türkiyədən gəlmiş həkimlərə minnətdarlıq edərək gələcəkdə də səmərəli əməkdaşlığın davam etdiriləcəyinə ümidvar olduğunu bildirib.

Qeyd edək ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü və Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycan nümayəndəliyinin dəstəyi və TƏBİB-in təşkilatçılığı ilə koronavirusla mübarizədə yerli xəstəxanalara yardım etmək məqsədilə Türkiyədən Azərbaycana 19 həkim gətirilib. Onlardan dördü ATU-nun Tədris Terapevtik Klinikasına təhkim olunub.

On dörd gün ərzində klinikada həkim və rezidentlərə infeksiyaya qarşı mübarizə tədbirlərinin yaxşılaşdırılması, gücləndirilməsi, təcili tibbi yardımın təkmilləşdirilməsi və infeksiya-kontrol işlərinin aparılması istiqamətində təlimlər keçirilib. Həmçinin klinikada 11 nəfərdən ibarət İnfeksiyaya Nəzarət Komitəsi də yaradılıb.



REKLAM