sehiyye.info

Tibb Universitetinin Tədris Terapevtik Klinikasında saç əkimi kursu keçirilir

Tibb Universitetinin Tədris Terapevtik Klinikasında saç əkimi kursu keçirilir
Dekabrın 11-də Tibb Universitetinin Tədris Terapevtik Klinikasında saç əkimi kursu işə başlayıb.

Sehiyye.info xəbər verir ki, tədbirdə çıxış edən klinikanın direktoru Samir Allahverdiyev saç əkimi kurslarının ölkəmizdə ilk dəfə Tibb Universitetinin klinikasında keçirilməsinin sevindirici olduğunu bildirib və kursun fəaliyyətinə uğurlar arzulayıb.

Türkiyədə fəaliyyət göstərən “ACA Academy”nin rəhbəri Qamze Menteşoğlu estetik tibbə müraciətin dünyada geniş vüsət aldığını bildirib. O, saç əkiminin hazırda ən çox müraciət edilən estetik tibb növlərindən biri olduğunu diqqətə çatdırıb. Q.Menteşoğlu rəhbəri olduğu qurumun fəaliyyətində əsas hədəfin estetik dermatologiya, saç əkimi və kosmetologiya sahələrinə dair dünyadakı yenilikləri təqib edərək həkimlər üçün tədris proqramları hazırlamaq, onların bilik və bacarıqlarını artırmaq olduğunu vurğulayıb. Qurumun rəhbəri gələcəkdə estetik tibb üzrə diplomun təsis edilməsini planlaşdırdıqlarını qeyd edib. Q.Menteşoğlu “ACA Academy”nin Azərbaycan və İngiltərədə nümayəndəliklərinin fəaliyyət göstərdiyini də qeyd edib.

Klinikada yaradılan Estetik, Kosmetik və Saç Əkimi Mərkəzinin kordinatoru dermatoloq Elşad Novruzov kursların üç gün davam edəcəyini deyib. Onun sözlərinə görə kursun ilk günü nəzəri biliklərin artırılmasına yönələcək. Növbəti günlərdə isə canlı model üzərində təcrübə həyata keçiriləcək. Dermatoloq kursun mütəxəssislər üçün faydalı olacağına inandığını bildirib.

Sonra klinikada yaradılan Estetik, Kosmetik və Saç Əkimi Mərkəzi ilə tanışlıq həyata keçirilib.

Mərkəzlə tanışlıqdan sonra kursun nəzəri hissəsi başlayıb.AZƏRTAC



REKLAM