sehiyye.info

Səkkiz ay ərzində Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasında 8792 əməliyyat icra olunub

Səkkiz ay ərzində Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasında 8792 əməliyyat icra olunub
Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasında hesabat konfransı keçirilib.

Universitetin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, toplantıda çıxış edən klinikanın direktoru, professor Surxay Hadıyev Tədris Cərrahiyyə Klinikasında həm tədris, həm müalicə aparıldığını diqqətə çatdırıb: “Tədris bizim işimizin çox həssas hissəsidir. Belə ki, verdiyimiz təhsil gələcək həkimlərimizin peşəkarlığını təmin edir. Ona görə də tələbələrin daha çox praktikaya cəlb olunması və əməliyyatlarda iştirakı vacibdir”. S.Hadıyev klinikada müalicə üzrə fəaliyyətin gücləndirilməsi üçün burada çalışan alimlər, peşəkar həkimləri daha fəal olmağa, səhiyyədə mövcud yeniliklərin klinikada tətbiqinə çağırıb və hər kəsə yeni tədris ilində uğurlar arzulayıb.

Klinikanın baş həkimi, professor Ramiz Poluxov yay ayları üzrə əldə edilən nailiyyətlərdən bəhs edib. O, klinikanın işçi heyəti haqqında məlumat verərək bildirib ki, burada ümumilikdə 54 klinika həkimi, 114 orta, 120 kiçik tibb işçisi fəaliyyət göstərir: “Klinikada 14 kafedra, 29 şöbə, 405 çarpayı, 381 kafedra var. Səkkizaylıq ümumi hesabata əsasən, 2018-ci il üçün ümumi xəstə sayı 69 min 790 idisə, bu il üçün isə həmin rəqəm 97 min 665 nəfərədək yüksəlib. Əməliyyat sayı 5886-dan 8792-yə, stasionarda yatan xəstə sayı 5392-dən 9930-dək artıb. Poliklinik xidmətlərdə isə bu say 76 min 867-dən 202 min 81-ə qədər yüksəlib”.

Baş həkim, həmçinin şöbələr üzrə aparılan əməliyyat sayları, ağır cərrahi müdaxilələr haqqında geniş məlumat verib.

Daha sonra klinikanın elmi işlər üzrə direktor müavini, professor Davud Pənahov toplantı iştirakçılarını yeni tədris ili üçün aparılan hazırlıq işləri ilə tanış edib. O, bildirib ki, cari tədris ilinin payız semestrində dərslər bütün kafedralar üzrə 125 birləşmə və 340 qrupda davam etdiriləcək. Qruplarda dərslərin əsasən Azərbaycan, ingilis və rus dillərində tədris edilməsi nəzərdə tutulur. “Klinikamızda mühazirələr üçün 7 auditoriya, təcrübə məşğələləri üçün isə 55 dərs otağı təchiz olunub. Bununla yanaşı, əməkdaşlar üçün nəzərdə tutulan 50 otaq lazım olan vasitələrlə təmin edilib və burada da təcrübə məşğələlərinin keçirilməsi nəzərdə tutulur. Həmçinin daha 6 yeni tədris otağı inşa olunub, dərs otaqlarının əksəriyyətində təmir aparılıb. Dərs otaqlarının 27-də müasir TV-monitor quraşdırılıb”.

D.Pənahov, həmçinin tədris treninq mərkəzində bacarıqların icrası üçün nəzərdə tutulmuş otaqların müvafiq ləvazimatlarla təmin olunması və rezidentlərin fəaliyyəti haqqında da geniş məlumat verib.

Universitetin müalicə və tədris işləri üzrə prorektoru, professor Sabir Əliyev toplantı iştirakçılarına müvafiq tövsiyələrini verib, onlara yeni tədris ilində uğurlar arzulayıb.



REKLAM