sehiyye.info

2 manata “kərə yağı” satılır: tərkibi nədir? - Araşdırma

2 manata “kərə yağı” satılır: tərkibi nədir? - Araşdırma
Bu gün Azərbaycan bazarında hər cibə uyğun kərə yağı tapmaq mümkündür. Bunların arasında təmiz yağlarla yanaşı, nisbətən aşağı keyfiyyətli “kərə yağlarına” da rast gəlmək olur. Mütəxəssislər bildirirlər ki, təmiz kərə yağının kilosunun 16-18 manat olduğu yerdə 2 manata kərə yağı təklif edilməsi təbii hal deyil.

Axar.az xəbər verir ki, hazırda marketlərdə kilosu 2 manat 68 qəpiyə olan “Kərim” kərə yağları satılır. Qablaşdırmasının üzərində adından başqa heç bir məlumat olmayan bu yağların kifayət qədər alıcısı var. Satıcıların sözlərinə görə, əsasən şirniyyat bişirən sexlər bu yağları alırlar. Ancaq alıcılar arasında aztəminatlı ailələr də var.

Marketlərdə satılan belə yağlardan biri də “Xoman Lüks” adlı yağdır. Bu yağın kilosu isə 6 manat 74 qəpikdir.

“Kərim” və “Xoman Lüks” yağları barədə apardığımız araşdırma zamanı onun harada istehsal edildiyi, hazırlandığı ilə bağlı məlumat əldə edə bilmədik.

Marketdə apardığımız kiçik reyd zamanı mənşəyi məlum olmayan, qiyməti olduqca münasib kərə yağlarının çox olduğu məlum oldu. Məsələn, “Kalinka” adlı yağın kilosu 4 manat, “Zolatava” yağlarının kilosu isə 4 manat 20 qəpikdir. Kifayət qədər alıcısı olan bu yağların heç birinin təmiz kərə yağı olduğuna zəmanət verilməyib, ancaq açıq-aşkar satışa çıxarılıb.

Mövzu ilə bağlı Axar.az-a danışan Azad İstehlakçılar İctimai Birliyinin sədri Eyyub Hüseynov bildirib ki, mənşəyi məlum olmayan belə yağların satışı tamamilə dayandırmalıdır, ancaq azad bazar iqtisadiyyatı buna imkan vermir:
2 manata “kərə yağı” satılır: tərkibi nədir? - Araşdırma
“Açıq bazar iqtisadiyyatında hər bir müəssisə rahat formada öz məhsulunu bazara çıxara bilər. Burada artıq seçim vətəndaşın özünə qalır. Alıcı özü müəyyən etməlidir ki, təmiz kərə yağının kilosu 16 manata olduğu halda 2-4 manata satılan yağın kərə yağı olması mümkün deyil.

Ancaq əlbəttə, reydlər keçirilməli, araşdırmalar aparılmalı və belə yağların mənşəyi öyrənilməlidir. Bizə gün ərzində yağla bağlı müraciətlər daha çox olur.


Əgər satıcı yağı kəsəndə qırılmırsa, düz kəsilirsə, demək, təmiz kərə yağı deyil. Təmiz kərə yağını bıçaqla bölən zaman xırda-xırda qırılmalı, ovulub tökülməlidir”.

E.Hüseynov bildirib ki, hələlik bazarda ən keyfiyyətli və özünü doğrultmuş yağlar “Yeni Zelandiya” və “Vest Qold” yağlardır:

“Biz Yeni Zelandiyada olan zaman bu kərə yağlarının Azərbaycan üçün hazırlandığı fabrikdə də olduq. Olduqca yüksək səviyyəli və təmiz şəraitdə hazırlanırdı. “Ankor” da keyfiyyətlidir, ancaq qeyd edim ki, bu gün Bakıda “Ankor” kimi yağların saxta formaları hazırlanır, qablaşdırılaraq satışa çıxarılır. Hazırlanan saxta mallar isə təmiz məhsula inamı azaldır. Belə yağlar alan zaman rənginə diqqət etmək lazımdır. Əslində, kərə yağı tünd sarı deyil, təzə sümük rəngində olmalıdır. Əritdikdə isə turş torta, yaxud da ayran dadı verməməlidir. Bitki yağı və kərə yağını eyni temperaturda əritdikdə də təmiz olub-olmadığı üzə çıxır. Bu yağların hər ikisi eyni vaxtda ərisə, deməli, kərə yağı saxtadır. Bizdə satılan kərə yağlarının ərimə temperaturu bədən temperaturundan yuxarıdır. 36 dərəcədən gec əriyən yağ isə insan orqanizmində həll olmur, çox ciddi fəsadlara yol açır”.

Ekspert əlavə edib ki, yarmarkalarda satılan, kəndlərdən gətirilən təmiz kərə, nehrə yağı kimi satılan yağların da tərkibində başqa qatqılar olur:

“İndi alıcını təkcə marketlər aldatmır. Yarmarkalardan gətirilən kərə və nehrə yağları arasında da saxta və tərkibi müxtəlif qatqılardan ibarət olanları var. Belə yağları xüsusilə kənd yerlərində hazırlayanlar başqa qatqılar əlavə edirlər. Yağın yağlılıq dərəcəsi, miqdarı çox olsun deyə, başqa əlavələr edilir. Bu da yağın tərkibini dəyişir və onu keyfiyyətsiz edir. Bu, kəndlinin daha çox qazanmaq istəyindən irəli gəlir”.

Mövzu ilə bağlı Azərbaycan Qida Təhlükəsizlik Agentliyinə də müraciət ünvanladıq. Bildirdilər ki, aidiyyəti şöbədə bu barədə araşdırma aparıldıqdan sonra cavab veriləcək.



REKLAM