Tatarıstanın uşaq sağlamlığı sahəsində aparıcı mütəxəssisləri Azərbaycandadırlar
İyulun 15-də Tatarıstan Respublikasının Azərbaycan Respublikasındakı daimi nümayəndəliyində Rusiya Federasiyasının bu subyektinin uşaq kardiocərrahiyyəsi, neyrocərrahiyyəsi və oftalmologiyası sahəsində aparıcı mütəxəssislərinin Azərbaycanın tibb cəmiyyətinin nümayəndələri ilə görüşü olub.
Sehiyye.info xəbər verir ki, tədbirdə Tatarıstan Respublikasının Azərbaycan Respublikasındakı daimi nümayəndəsi Alfred Zakirov çıxış edib. O bildirib ki, Tatarıstanın uşaq sağlamlığı sahəsində aparıcı mütəxəssisləri ölkəmizə təcrübə mübadiləsi aparmağa və konsultasiya yardımı göstərməyə gəliblər. A.Zakirov vurğulayıb ki, belə tədbirlərin təşkili həm regionlararası əlaqələrin, həm də bütövlükdə Azərbaycan ilə Rusiya arasında humanitar əməkdaşlığın inkişafına əhəmiyyətli töhfə verir. Tatarıstan nümayəndə heyətinin tərkibinə Tatarıstan Respublikası Səhiyyə Nazirliyinin Respublika Uşaq Kliniki Xəstəxanasının (RUKX) mütəxəssisləri daxildir. “RUKX respublika klinikasının, yüksək texnologiyalarla təchiz edilmiş stasionarın və təcili tibbi yardım xəstəxanasının funksiyalarını özündə birləşdirən müasir çoxprofilli müalicə müəssisəsidir. RUKX Rusiya Federasiyasının aparıcı uşaq xəstəxanaları sırasına daxildir”, - deyə A.Zakirov əlavə edib. Onun sözlərinə görə, RUKX nümayəndələri – professorlar və yüksək dərəcəli həkimlər K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutuna və Azərbaycanın digər iri tibb mərkəzlərinə baxış keçiriblər, bu tibb ocaqlarının iş strukturu ilə tanış olublar, neyrocərrahiyyə, oftalmologiya və urologiya sahəsində bir sıra konsultasiyalar aparıblar.
Tatarıstan Səhiyyə Nazirliyinin beynəlxalq münasibətlərin inkişafı üzrə layihə ofisinin rəhbəri Alla Qumeryova bildirib ki, Azərbaycan və Tatarıstan uzun illərdir uğurla qarşılıqlı fəaliyyət göstərir. Azərbaycan-Tatarıstan əməkdaşlığının inkişafı Azərbaycan ilə Rusiya dostluq münasibətlərinin inkişafına yönəldilib. “Azərbaycanda Tatarıstanın daimi nümayəndəliyi fəaliyyət göstərir. Kazan ilə Bakı arasında birbaşa aviareyslər həyata keçirilir. Buna baxmayaraq hesab edirik ki, əməkdaşlıq üçün, o cümlədən səhiyyə sahəsində əməkdaşlıq üçün böyük potensialımız var. Bizim vəzifəmiz qarşılıqlı fəaliyyətimizi inkişaf etdirmək üçün bütün imkanları səfərbərliyə almaqdır. Tatarıstanda tibbin prioritet istiqamətləri kardiocərrahiyyə, neyrocərrahiyyə, travmatologiya və ortopediya, onkologiya, plastik cərrahiyyə, pediatriya və s.-dir. Bu gün bizim aparıcı klinikalarımız bütün müasir tələblərə və beynəlxalq standartlara cavab verir. Qabaqcıl diaqnostika, müalicə və reabilitasiya texnologiyaları müvəffəqiyyətlə bu tibb müəssisələrinə tətbiq edilib. Onlar təchizat səviyyəsinə və tibbi yardımın keyfiyyətinə görə Avropanın tibb mərkəzlərindən geri qalmır. Daha sərfəli qiymətlərlə tibbi xidmət göstərmək rəqabət üstünlüyümüzdür. Tatarıstanda tibbi turizmin inkişafı üzrə layihə ofisi yaradılıb. Başlıca məqsədimiz başqa ölkələrdən pasiyentlər cəlb etməkdir. Biz qabaqcıl təcrübəmizi bölüşməyə və şəksiz ki, özümüz də öyrənməyə hazırıq”.
Tədbir çərçivəsində Tatarıstanın tibb müəssisələrinin xidmətlərinin təqdimatı olub, görüş iştirakçıları ilə konsultasiya və diskussiyalar aparılıb.
Tatarıstan Səhiyyə Nazirliyinin baş ştatdankənar uşaq cərrahı, RUKX baş həkiminin cərrahiyyə məsələləri üzrə müavini, yüksək dərəcəli neyrocərrah Vladimir Filatov, Tatarıstan Səhiyyə Nazirliyinin baş ştatdankənar oftalmoloqu, RUKX-in oftalmologiya bölməsinin müdiri, yüksək dərəcəli həkim-oftalmoloq Aleksey Rasçeskov, RUKX baş həkiminin tibbi fəaliyyət üzrə müavini, yüksək dərəcəli uşaq kardioloqu Liliya Basanova və RUKX-in kardiocərrahiyyə bölməsinin müdiri, yüksək dərəcəli həkim-kardiocərrah Denis Petruşenko təqdimatlarla çıxış ediblər.Azertac.