sehiyye.info

Bakıda III Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Simpoziumu keçirilib

Bakıda III Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Simpoziumu keçirilib
Martın 15-16-da Bakıda Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Milli Onkologiya Mərkəzinin dəstəyi ilə III Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Simpoziumu keçirilib. Simpoziumun həmsədrləri Milli Onkologiya Mərkəzinin baş direktoru, akademik Cəmil Əliyev və Almaniyanın Aaxen Universitet klinikasının eksperimental invaziv neyroradiologiya bölməsinin rəhbəri, tibb elmləri doktoru, professor Anastasios Mpotsarisdir.

Martın 16-da Simpozium öz işini Milli Onkologiya Mərkəzində davam etdirib.

AZƏRTAC xəbər verir ki, tədbirin əsas mövzusu onkoloji xəstəliklərin müasir diaqnostikası, şüa və neyroradioloji müalicə metodları və ən yeni müalicə texnologiyalarıdır. Simpozim Azərbaycanın dinamik inkişaf etməkdə olan səhiyyə sisteminə sanballı töhfə vermək, milli radiologiyanın gələcək inkişafı barədə beynəlxalq elmi müəssisələri məlumatlandırmaq və bu sahədə aparıcı ölkələrin təcrübəsini bölüşmək məqsədilə keçirilir. Tədbirdə Almaniya modeli nümunəsində müasir serebrovaskulyar xəstəliklər mərkəzinin təşkili məsələləri müzakirə edilib.

Milli Onkologiya Mərkəzinin baş direktorunun birinci müavini, professor Əziz Əliyev tədbirdə çıxış edib. O, Milli Onkologiya Mərkəzinin baş direktoru, akademik Cəmil Əliyevin adından simpozium iştirakçılarını salamlayaraq Almaniya-Azərbaycan simpoziumunun məhz bu müəssisədə keçirilməsinə görə məmnunluğunu bildirib. Professor Ə.Əliyev deyib: “Almaniyanın aparıcı tibbi mərkəzləri ilə sıx münasibətlərimiz yaranıb, buna görə də belə bir nüfuzlu tədbirin Milli Onkologiya Mərkəzində keçirilməsi bizim üçün çox vacibdir”.

Baş direktorun birinci müavini Milli Onkologiya Mərkəzinin uğurları barədə məlumat verərək diqqətə çatdırıb ki, Azərbaycan Prezidentinin diqqəti və qayğısı sayəsində bu mərkəz ən müasir tibbi texnika ilə, o cümlədən mobil diaqnostik komplekslə təchiz olunub. Əziz Əliyev vurğulayıb: “Onkoloji xəstələrin şiş əleyhinə preparatlarla təmin olunması problemi aradan qaldırılıb. Zəngin maddi-texniki bazaya və güclü kadr potensialına malik olan Milli Onkologiya Mərkəzi dünyanın aparıcı mərkəzləri ilə müqayisə edilə bilər. Mərkəzin əməkdaşları yüksəkkeyfiyyətli onkoloji xidmətlər göstərir, bədxassəli şişlərin erkən diaqnostikasını həyata keçirir, bu cür xəstələrin müasir cərrahi, şüa və dərman müalicəsini təmin edir, mövcud müalicə metodlarının daha da təkmilləşdirilməsi məqsədilə genişmiqyaslı elmi araşdırmalar aparırlar. Məsələn, əvvəllər bütün onkoloji əməliyyatlar bir binada aparılırdısa, 2009-cu ildə Milli Onkologiya Mərkəzinin cərrahiyyə korpusu tikiləndən sonra bu sahədə irəliləyiş göz qabağındadır. Bundan əlavə, 2012-ci ilin mart ayında Uşaq Onkologiya Klinikasının açılışı olub. Milli Onkologiya Mərkəzinin regionda ilk uşaq klinikasının yaradılması Azərbaycan Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın böyük xidmətidir”.

Professor Ə.Əliyev qeyd edib ki, almaniyalı qonaqlar dünən Milli Onkologiya Mərkəzinə baş çəkib, mərkəzdə yaradılmış şəraitə heyran olduqlarını bildiriblər. O deyib: “Almaniyalı həmkarlarımız əməkdaşlığın səviyyəsinə görə məmnun olduqlarını bildirdilər. Onlar əlaqələrimizi daha da genişləndirməyin vacib olduğunu vurğulayaraq qeyd etdilər ki, onkoloji xəstələrin keyfiyyətli müalicəsi üçün mərkəzdə yaradılmış müasir şərait dünya standartlarına tamamilə uyğundur. Onlar onkoloji xəstələrin müalicəsi və profilaktikası üçün burada aparılan işi yüksək qiymətləndirdilər”.

Almaniyanın Azərbaycandakı səfiri Mixael Kindsqarb beynəlxalq simpoziumun təşkilatçılarına təşəkkürünü bildirərək vurğuladı ki, ölkələrimiz arasında, xüsusən təbabət sahəsində əməkdaşlıq yüksələn xətt üzrə inkişaf edir. Məsələn, son 8 ildə 400-dən çox azərbaycanlı tələbə, o cümlədən 50 radioloq təhsillərini Almaniyada davam etdiriblər. Səfir ölkələrimiz arasında fəal və uğurlu əməkdaşlıq əlaqələrindən söhbət açaraq qeyd etdi ki, budəfəki simpozium bu əlaqələrin daha da möhkəmlənməsi üçün yaxşı platformadır. Mixael Kindsqrab qeyd etdi ki, Almaniya səhiyyə və tibbi turizm sahəsində Azərbaycanla təcrübə mübadiləsini bundan sonra da davam etdirmək niyyətindədir.

Simpoziumun həmsədri professor Anastasios Mpotsaris Azərbaycana üçüncü dəfə gəldiyini, burada özünü evində olduğu kimi hiss etdiyini vurğulayaraq, qonaqpərvərliyə görə təşəkkür etdi. O əmin olduğunu bildirdi ki, budəfəki simpozium ölkələrimizin tibb mütəxəssisləri arasında əməkdaşlığı və təcrübə mübadiləsini daha da genişləndirməyə imkan verəcək.

Konfransın elmi hissəsi tematik sessiyalar şəklində davam etdi. Professor Anastasios Mpotsaris, Gettingen Universitet Klinikasının neyroradiologiya şöbəsinin müdiri Folker Maus, Köln Universitetinin həkim-radioloqu, tibb elmləri doktoru Nuran Abdullayev, Heydelberq Universitetinin professoru Kristof M.Zommer, Almaniyadan dəvət olunmuş digər məşhur mütəxəssislər məruzələrlə çıxış etdilər. Daha sonra azərbaycanlı mütəxəssisləri Anar Kazımov, Fuad Novruzov, Rasim Babayev və başqaları onkoloji xəstəliklərin diaqnostikası və müalicəsi sahəsində ən yeni elmi-praktiki biliklər barədə məlumat verdilər.

Bu simpoziumun əlamətdar cəhəti ondan ibarətdir ki, AFR-də təsis edilmiş Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin üzvlərinin və təsisçilərinin ilk yığıncağı Bakıda keçirilir. Cəmiyyətin prezidenti həmvətənimiz, Köln Universitetinin həkim-radioloqu, tibb elmləri doktoru Nuran Abdullayevdir.

Tədbirdə Anastasios Mpotsaris, Folker Maus və Nuran Abdullayev baş beyin damarlarının anevrizminin müalicəsinin Azərbaycanda indiyə qədər tətbiq edilməmiş metodlarının praktikada istifadə olunmasına dair workshop-təlim təqdim ediblər.



REKLAM