sehiyye.info

Tibb sahəsində üçtərəfli əməkdaşlıq üzrə memorandum imzalanıb

Tibb sahəsində üçtərəfli əməkdaşlıq üzrə memorandum imzalanıb
Mayın 3-də Mərkəzi Gömrük Hospitalında Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsi, “Florence Nightingale” Xəstəxanalar Qrupu və Türkiyənin Demiroğlu Bilim Universiteti arasında üçtərəfli əməkdaşlıq haqqında anlaşma memorandumu imzalanıb.

Dövlət Gömrük Komitənin (DGK) mətbuat və ictimaiyyətlə əlaqələr idarəsindən AZƏRTAC-a bildirilib ki, memorandumu Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəisi Ceyhun Məmmədov, “Florence Nightingale” Xəstəxanalar Qrupunun icraçı direktoru Sinan Nazif Aran və Demiroğlu Bilim Universitetinin rektoru Çavlan Çiftçi imzalayıblar.

Tədbirdə Tibbi Xidmət İdarəsinin Elmi Təcrübi və Tədris Mərkəzinin rəisi Rəşad Mahmudov, Mərkəzi Gömrük Hospitalın rəisi Elman Məmmədov və digər rəsmi şəxslər də iştirak ediblər. Memorandum tərəflər üçün tibb sahəsində əməkdaşlığın möhkəmləndirilməsinə və inkişafına xidmət edəcək. Əməkdaşlıq çərçivəsində, həmçinin Demiroğlu Bilim Universiteti ilə Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Elmi Təcrübi və Tədris Mərkəzi arasında tibbi təhsil sahəsində əməkdaşlığın genişləndirilməsi, müştərək elmi-praktiki konfransların, simpoziumların, ixtisasartırma kurslarının, o cümlədən digər tibbi tədbirlərin təşkili nəzərdə tutulur. Eyni zamanda, qurumların mütəxəssisləri arasında fəaliyyət sahələri üzrə teletibb əlaqələrinin qurulması layihəsi də ən qısa zamanda həyata keçiriləcək.

Hər iki ölkənin aparıcı tibb müəssisələrindən olan - Mərkəzi Gömrük Hospitalı və “Florence Nightingale” Xəstəxanalar Qrupu arasında qurulan əməkdaşlıq bundan sonra əhaliyə göstərilən tibbi xidmətin keyfiyyətinin yüksəlməsinə rəvac verəcək, bu istiqamətdə intensiv iş aparılacaq. Mərkəzi Gömrük Hospitalının və “Florence Nightingale” Qrupunun aparıcı mütəxəssislərinin iştirakı ilə keçiriləcək birgə elmi-praktiki tədbirlər, müştərək elmi-tədqiqat işləri, tibbi araşdırmalar, qarşılıqlı əməkdaşlıq nəticəsində ölkəmizdə tibdə yeniliklərin tətbiqinə, yeni elmi nailiyyətlərin əldə edilməsinə və bu sahənin inkişafına öz töhfəsini verəcək.

Qonaqlar Mərkəzi Gömrük Hospitalında yaradılan şəraitlə yaxından tanış olaraq qaraciyər və böyrək transplantasiyası, yeni doğulmuş xəstə uşaqlarda aparılan ürək əməliyyatları haqqında ətraflı məlumat alıblar. Qeyd edilib ki, hospital tibbi və texniki təchizatına, qaraciyər və böyrək transplantasiyası kimi keçirilən əməliyyatlara görə Azərbaycanda ən müasir standartlara cavab verən tibb müəssisəsidir.
Tibb sahəsində üçtərəfli əməkdaşlıq üzrə memorandum imzalanıb
Tibb sahəsində üçtərəfli əməkdaşlıq üzrə memorandum imzalanıb



REKLAM