sehiyye.info

Azərbaycan nümayəndə heyəti Koreya Respublikasının tibbi sığorta sistemi ilə tanış olub

Azərbaycan nümayəndə heyəti Koreya Respublikasının tibbi sığorta sistemi ilə tanış olub
Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev və agentliyin Strateji təhlil departamentinin Statistika şöbəsinin müdiri Tural Qulu Koreya Respublikası Milli Assambleyasının Səhiyyə və Rifah Komitəsinin dəvəti ilə bu ölkədə səfərdədirlər.

Agentliyin marketinq və ictimaiyyətlə əlaqələr departamentindən AZƏRTAC-a verilən məlumata görə, Azərbaycan nümayəndə heyətini Koreya Milli Assambleyasının sədri Mun Hi-sanq qəbul edib. Sədr Koreya Respublikasında icbari tibbi sığortanın tətbiqi təcrübəsi, sistem çərçivəsində vətəndaşlara göstərilən tibbi xidmətlər, xidmətlərin keyfiyyətinə nəzarət sistemləri sahəsində respublikada mövcud qanunvericilik bazası haqqında məlumat verərək Azərbaycanla mümkün əməkdaşlıq istiqamətləri haqqında danışıb.

İki ölkə arasında mövcud əməkdaşlığı müsbət qiymətləndirən Əhliman Əmiraslanov Azərbaycanda səhiyyə sistemi ilə bağlı aparılan islahatlar barədə məlumat verib. O bildirib ki, gələn ildən etibarən ölkə üzrə icbari tibbi sığortanın tətbiqi məqsədilə mövcud qanunvericilik təkmilləşdirilir.

Zaur Əliyev ölkə üzrə icbari tibbi sığortanın tətbiqi istiqamətində görülən işlər, pilot layihə çərçivəsində əldə olunan təcrübə və müsbət nəticələr barədə məlumat verib. O bildirib ki, pilot layihənin ikiillik nəticələrinə görə, ölkəmiz icbari tibbi sığortanın tətbiqi və sonrakı inkişafı üçün lazımi şəraitə, zəruri potensial, resurs və imkanlara malikdir.

Səfər çərçivəsində nümayəndə heyətinin Koreyanın Səhiyyə və Rifah naziri Park Neunqhu, Tibbi Sığortaya Baxış və Qiymətləndirilmə Xidmətinin prezidenti Kim Singtek, Koreya Əczaçılıq və Bio-əczaçılıq İstehsalçıları Assosiasiyasının sədri Von Hi-Mok və Milli Tibbi Sığorta Xidmətinin prezidenti Kim Yong-Ik ilə bir sıra görüşləri baş tutub. Nümayəndə heyəti Koreyanın tibbi sığorta sistemi, sistemin ümumi təşkili, tibbi xidmətlərin göstərilməsi, tibbi sığorta sahəsində informasiya texnologiyalarının tətbiqi və mövcud monitorinq mexanizmləri ilə tanış olublar.



REKLAM