sehiyye.info

Tacikistan nümayəndə heyəti Səhiyyə Nazirliyində olub (FOTO)

Tacikistan nümayəndə heyəti Səhiyyə Nazirliyində olub (FOTO)
Azərbaycanda səfərdə olan Tacikistan Dövlət Tibb Universitetinin nümayəndə heyətinin üzvləri azərbaycanlı həmkarları ilə görüşüblər.



Nümayəndə heyətinə Tacikistanın Səhiyyə və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, həmçinin İbn-Sina adına Dövlət Tibb Universitetinin təmsilçiləri daxildir. Heyət üzvləri 3 gün davam edən səfər zamanı Azərbaycan Səhiyyə Nazirliyində, Azərbaycan Tibb Universitetində və digər qurumlarda görüşlər keçiriblər.



Tacikistan Dövlət Tibb Universitetinin prorektoru, professor Saidmukim İbodovun rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Tibb Universitetinin qonağı olub. Qonaqlar ATU-nun klinikaları, tədris binaları ilə yaxından tanış olub, universitetdə tədris prosesini izləyiblər.



Görüş zamanı universitetin elmi işlər üzrə prorektoru, dosent Rauf Əliyev Tacikistanın Tibb Universiteti ilə birbaşa əlaqələrin yaradılmasının vacibliyini ifadə edib. Azərbaycan və Tacikistan arasında təhsil və səhiyyə sahəsində əlaqələrin daim müsbət olduğunu bildirən R.Əliyev universitetdə aparılan islahatlar barədə qonaqlara məlumat verib. ATU-da elektron universitet sisteminə keçidin tətbiqi, xarici tələbələrin yeni üsulla qəbulu, imtahan prosesindəki dəyişikliklərdən bəhs edib.



ATU-nun rezidentura şöbəsinin müdiri professor Rizvan Məmmədov isə qonaqlara rezidentura sistemi haqqında geniş məlumat verib. Hazırda 40 ixtisas üzrə rezidenturaya qəbul aparıldığını deyib.



Nümayəndə heyətinin üzvləri gələcəkdə Tacikistan Dövlət Tibb Universitetində rezidentura sisteminin tətbiqini planlaşdırdıqlarını bildiriblər. Görüş zamanı bu sahədə qarşılıqlı əməkdaşlğın perspektviləri müzakirə olunub.



Görüşdə ATU-nun beynəlxalq əlaqələr prorektor vəzifəsini icra edən Orxan İsayev, ATU-nun ictimai səhiyyə fakültəsinin dekanı, professor Anar Ağayev, ATU-nun rezidentura şöbəsinin dekan müavinləri Nigar Sədiyeva və Svetlana Babayeva iştirak ediblər.



Nümayəndə heyəti Azərbaycan Respublika Səhiyyə Nazirliyində də rəhbər şəxslərlə görüşüblər. Görüş zamanı Azərbaycanın son illərdə tibb sahəsində əldə etdiyi uğurlar, yeni xəstəxana və diaqnostika mərkəzləri, həmin səhiyyə ocaqlarının ən yeni avadanlıqlarla təchiz olunduğu barədə məlumat verilib. Nümayəndə heyətinin üzvləri qeyd ediblər ki, Tacikistan səhiyyə və əhalinin sosial müdafiəsi sahəsində Azərbaycanın əldə etdiyi təcrübənin öyrənilməsinə maraq göstərir. Ümumilikdə iki ölkə arasında səhiyyə və tibb təhsili sahəsində əməkdaşlığın müxtəlif tərəfləri müzakirə edilib. Görüşdə nazirliyin aparat rəhbəri Nadir Zeynalov, Tibbi yardımın təşkili şöbəsinin müdir müavini Nabil Seyidov, mətbuat xidmətinin rəhbəri Pərviz Abubəkirov, Kadrlar şöbəsinin müdiri Kəmalə Mehtiyeva iştirak ediblər.



Səhiyyə Nazirliyi Mətbuat Xidmətinin məlumatı
Tacikistan nümayəndə heyəti Səhiyyə Nazirliyində olub (FOTO)
Tacikistan nümayəndə heyəti Səhiyyə Nazirliyində olub (FOTO)

Tacikistan nümayəndə heyəti Səhiyyə Nazirliyində olub (FOTO)



REKLAM