sehiyye.info

Dönərdən niyə uzaq durmalıyıq ? VİDEO

Dönərdən niyə uzaq durmalıyıq ? VİDEO
Əti sevən insanların sevimli yeməklərindən biri də dönərdir. Ancaq bu qida haqqında vaxtaşırı səsləndirilən müxtəlif fikrlər, rəylər fərqli suallar yaradır. Doğrudanmı dönər təhlükəlidir?

Sehiyye.info bildirir ki,Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Teleqraf.com-a bu barədə danışıb.

Onun sözlərinə görə, xüsusilə toyuq dönəri barəsində şikayətlər daim var və artmaqdadır: “Hər gün dönərin keyfiyyəti, standartlara uyğunluğu barədə məlumat almaq istəyirlər. Bu, fəst fud qidasıdır. 2006-cı ildə quş qripi yayıldıqdan sonra Səhiyyə Nazirliyi bu qidanı qadağan edib.

Lakin Bakıda iki müəssisəyə – “Səhliyalı-Min bərəkət Halal nemət” və “AzProtein Foods” şirkətlərinə toyuq dönəri üçün xammal hazırlamağa icazə verilib. Mənfi 40 dərəcə altında dondurulmuş əti dönər şişinə keçirir və bununla da bütün xəstəlikləri məhv olur. Bükülmüş formada bu ət xüsusi avtomobillərdə dönərxanalara göndərilir”.

Ekspertin sözlərinə görə, cəmi iki istehsalçı şirkət olmasına baxmayaraq, ölkədəki əksər dönərxanalar əti mənşəyi bəlli olmayan yerlərdən alırlar: “Dönərlərin çöl tərəfi qızarır, içində isə heyvan xəstəlikləri, antibiotiklər şişlə axır. Dönərçilər bunu qarışdırıb istehlakçılara verirlər. Bu, ciddi problemdir. Adını çəkdiyim müəssisələrdə mal dönəri və toyuq dönəri hazırlamağa icazə var. Lakin bu sahədə problem yenə də qalır”.

Mütəxəssisin sözlərinə görə, toyuq dönəri ət dönəri ilə müqayisədə daha tez xarab olur: “Saxlanma şəraiti uyğun olmadıqda, düzgün temperaturda bişmədikdə tərkibi dəyişir, patogen mikroblar inkişaf edir. Riskli qida məhsulları sırasına daxildir. Bəzi müəssisələrdə görə bilərik ki, sertifikat asılıb və ətin haradan alındığı qeyd olunur. Ətin haradan alınması barədə sertifikat təhlükəsiz olduğu demək deyil”.

Məsələ ilə bağlı sağlam qidalanma üzrə ekspert Tural Babayevin fikirlərini öyrəndik.

Onun sözlərinə görə, dönəri daha sağlam fəst-fud hesab etmək olar: “Dönər doğru şəkildə hazırlanmadıqda bəzi risk faktorları yaranır. Ət tam bişməmiş kəsilərsə, iç tərəfində sağlamlıq üçün zərərli olan mikroorqanizmlər qala bilər. Bu, ishal, həzm problemləri, hətta qida zəhərlənməsinə gətirib çıxarar. Bu müəsissələrdə dönərə olan tələbat və gözləmədən bişməmiş ətin servis olunması ilə əlaqədardır”.

Ekspert qeyd edib ki, ətin yüksək temperaturda hazırlanması tərkibində zərərli maddələrin yaranmasına səbəb olur: “Çox zaman dönərçilər müştəriləri tez yola salmaq üçün bu yola əl atırlar. Yanma nəticəsində konserogent birləşmələr yaranır. Dönər və ya başqa yanmış qidadan uzaq durmaq lazımdır”.

Mütəxəssis bildirib ki, dönər şişi bir gündən artıq saxlanmamalıdır: “Bişdiyi zaman iç tərəfindəki temperatur təqribən 30-50 dərəcə arasında olur. Dönər sabaha saxlanılaraq təkrar istifadəyə verilirsə, qısa bişmə müddəti yaranan bakteriyaların ölməsinə bu kifayət etmir. Qalan dönərin növbəti gün satılması qətiyyən yolverilməzdir”.

Tural Babayevin sözlərinə görə, dönərin hazırlandığı ət nə qədər təzə olarsa, risk faktoru bir o qədər azalır: “Əgər toyuq əti sağlam deyilsə, yüksək miqdarda antibiotik, hormonal əlavələr varsa, bu ətdən dönər, yaxud başqa qidalar hazırlandıqda yenə eyni zərəri olacaq. Əsas məsələ ətin sağlamlıq standartlarına cavab verməsidir. Toyuq dönərinin qırmızı ətdən əsas fərqli cəhəti budur ki, toyuqda bakteriyaların inkişaf sürəti daha yüksəkdir. Buna görə dönərçilər bu məslədə daha həssas, daha diqqətli olmalıdırlar”.



REKLAM