Ekspert təhlükəli qidaların geniş yayıldığı sahələri açıqladı
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyir ki, spirtli içkilər bazarına nəzarət funksiyası Daxili İşlər Nazirliyinə həvalə edilməlidir
Eyyub Hüseynov: “Əhaliyə standartlara uyğun olmayan spirtli içkilər satılır”
İsmayıllı rayonunda toyda kütləvi zəhərlənmə olub. Səhiyyə Nazirliyinin Mətbuat xidmətindən bildirilib ki, zəhərlənmə ilə bağlı ümumilikdə 33 nəfər xəstəxanaya müraciət edib.
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Sputnik Azərbaycan-a deyir ki, təhlükəli və standartlara uyğun olmayan qidalar ilk növbədə spirtli içkilər bazarındadır: “Düşünürəm ki, bu sahəyə nəzarət funksiyası Daxili İşlər Nazirliyinə həvalə edilməlidir. Əhaliyə standartlara uyğun olmayan və müxtəlif brendlərlə qablaşdırılmış spirtli içkilər satılır. Bu, xüsusən də, şadlıq evlərində geniş yayılıb. Təhlükənin mövcud olduğu ikinci sahə süd və süd məhsullarıdır. Bu məhsulların hazırlanması prosesində standartların pozulması, tərkibinə kimyəvi maddələrin vurulması halları müəyyən edilib. Qida sahəsində problemlərin olması aptek şəbəkələrində özünü göstərir. Qida Təhlükəsizliyi Agentliyi bütün bu problemləri həll etməlidir”.
Qeyd edək ki, AQTA əhalinin diqqətini qida təhlükəsizliyi mövzusunun vacibliyinə çəkmək, prosesdə onların rolunu əhəmiyyətli dərəcədə artırmaq, istehlakçıların ictimai nəzarətdə aktiv iştirakını təmin etmək üçün agentlik əhalinin gediş-gəlişinin sıx olduğu ərazilərdə, küçələrdə, ictimai nəqliyyat vasitələrində məlumat lövhələri yerləşdirib.