sehiyye.info

Azərbaycanda qida zəhərlənmələri niyə baş verir?

Azərbaycanda qida zəhərlənmələri niyə baş verir?
Mediada əsas zəhərlənmə səbəbləri kimi, qarpız, dərmanlar, dəm qazı, göbələk, alkoqol və digər göstərilir.

26 yaşlı Raisə Səfərova hər il yaz aylarında alınan pomidor-xiyardan zəhərləndiyini deyir.

"Ürəkbulanma, baş ağrısı, qusma olur, evdə müalicə edirəm", Səfərova BBC Azərbaycancaya bildirir.

Bu səbəbdən, o, yaz aylarında belə qidalardan uzaq durmağa çalışır.

Hər il Azərbaycanda Səfərova kimi yüzlərlə insan qidadan zəhərlənir.

Səhiyyə Nazirliyi bu ilin altı ayrı ərzində 331 qida zəhərlənməsi hadisəsinin olması və nəticədə 418 nəfərin ziyan çəkməsi barədə məlumat yayıb. Bir nəfər isə botulizm, yəni ev şəraitində konservləşdirilmiş məhsullar səbəbilə həyatını itirib.

Səhiyyə Nazirliyi onu da bildirib ki, bu, ötən illə nisbətdə 36.5 faiz azalma deməkdir. Ötən il qida zəhərlənməsi hadisələrinin sayı 521 təşkil edib.
Azərbaycanda qida zəhərlənmələri niyə baş verir?
Zəhərlənmələr "gizlədilir"
Yerli medianın bu il ərzində paylaşdığı zəhərlənmə xəbərlərində əsas zəhərlənmə səbəbləri kimi, qarpız, dərmanlar, dəm qazı, göbələk, alkoqol və digər göstərilir.

Təhlilçilər iddia edir ki, qida zəhərlənmələrinin əsas səbəbi gizlədilir, Səhiyyə Nazirliyi isə belə iddiaları rədd edir.

İstehlakçı hüquqlarının müdafiəsi ilə məşğul olan Eyyub Hüseynov iddia edir ki, əslində zəhərlənmə səbəbləri "gizlədilir".

"Xəstələnən, zəhərlənən insanlar bir-mənalı şəkildə monitorinq qurumlarına məlumat vermir, birbaşa təcili yardıma zəng edirlər. Xəstəxanaya da çatan kimi mədə yuyulur, mədə də yuyulan kimi bütün fakt itir.

Nədən zəhərlənməni artıq müəyyən etmək olmur", Azad İstehlakçılar Birliyinin (AİB) sədri Hüseynov qeyd edir.

Onun sözlərinə görə, səhiyyə işçiləri adətən xəstənin həyatını xilas etməyə çalışır, ekspertizaya "diqqət ayırmır".

"Dövlət orqanları vətəndaşın özünü günahlandırır ki, özü bağladığı şorabadan, özü aldığı maldan zəhərlənib".

Cənab Hüseynov ehtimal edir ki, bu addım "maraqlar toqquşması" səbəbilə atılır.

"Hələ 20 ildə görməmişəm ki, hansısa bir həkim yazsın ki, xəstə hansısa bir kütləvi istehsal məhsulundan zəhərlənib. Malın adı bir dəfə də yazılmır".
Azərbaycanda qida zəhərlənmələri niyə baş verir?
Nazirlik iddiaları rədd edir
Cənab Hüseynovun sözlərinə görə, insanları zəhərlənmədən xilas edən və kütləvi istehsal məhsullarına gigiyenik sertifikat verən orqan bir olduğundan "real" səbəblər yazılmır.

"Səhiyyə nazirliyi gigiyenik sertifikat verir, əgər kütləvi istehsal malından zəhərlənmə olarsa, həkim onu səbəb kimi yazarsa, onda həmin şirkət gigiyenik sertifikatı barədə suallar ortaya çıxar".

Səhiyyə Nazirliyi Respubika Gigiyena və Epidemiologiya Mərkəzinin Qidalanma bölməsinin müdiri İmran Abdullayev isə bu cür iddialarla razılaşmır.

"Səhiyyə Nazirliyi xəstənin arxasınca düşüb yalvarmır ki, zəhərlənmə səbəblərini dəyişsinlər", cənab Abdullayev qeyd edir.

Onun sözlərinə görə, bəzən xəstə daxil olanda təcili yardım ilkin diaqnoz kimi zəhərlənmə qoyur, amma başqa xəstəlik çıxır.

"Vətəndaşlar qida məhsullarını düzəltmə və saxlama şəraitini bilmir, amma istehsalat şəraitində bunu avadanlıqlar edir, bütün prosedurlar gözlənilir. Bunu müdafiə məqsədli də demirəm. Sadəcə bu halla rastlaşmamışam", cənab Abdullayev əlavə edir.//BBC



REKLAM