sehiyye.info

Maaşı artmayan tibb işçiləri arasında ciddi narazılıq - Məsələ böyüyə bilər

Maaşı artmayan tibb işçiləri arasında ciddi narazılıq - Məsələ böyüyə bilər
“Tibb işçilərinin maaşlarının artırılması ilə bağlı qərarda cərrahların, ginekoloqların kənarda qalması heç bir halda başadüşülən deyil”.
Sehiyye.info xəbər verir ki,bunu Bakupost.az -a açıqlamasında tibb elmləri doktoru, professor Adil Qeybulla deyib.
Professor tibb işçilərinin maaş artımı məsələsində çox ciddi ayrıseçkiliyin olduğunu bildirib:

“Əslində, bu anlama gəlir ki, guya cərrahların, ginekoloqların qeyri-rəsmi gəlirləri var, ona görə də onların maaşları artırılmır. Bu, bir daha rüşvətin mövcudluğunun etirafı deməkdir. Amma bu, düzgün deyil. Bütün kateqoriyadan olan həkimlər icbari tibbi sığorta çərçivəsində standart maaş paketinə malik olmalıdırlar. Bu, indiki bazar şərtləri daxilində olmalıdır. Məsələn, maaş paketi təxminən 2000-3000 manat civarında olmalıdır ki, həkimin normal tələbləri ödənilə bilsin”.
A.Qeybulla düşünür ki, bu, absurd yanaşmadır: “Bunun da nəticələri yaxın vaxtlarda özünü göstərəcək. Çünki bu yolla aparılan islahat adlanan bu dəyişikliklər öz real nəticəsini verə bilməz, xeyli narahatlıq doğuran məsələdir. Niyə bu işə rəhbərlik edən adamlar dünya təcrübəsini kənarda qoyub öz şəxsi düşüncələrini həyata keçirirlər? Yəqin ki, müəyyən korporativ maraqlar zəminində edirlər”.
Xatırladaq ki “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin tabeliyindəki tibb müəssisələrində çalışan səhiyyə işçilərinin əməyinin ödənilməsi Qaydası”na dəyişikliklər edilməklə 31 ixtisas üzrə çalışan həkimlərin aylıq əməkhaqlarının bütün məcburi tutulmalardan sonra tam məbləğinin 1000 manata çatdırılması nəzərdə tutulur.



REKLAM