sehiyye.info

Yeni nazir səhiyyəni sağalda biləcəkmi? - Mütəxəssislərdən önəmli təkliflər

Yeni nazir səhiyyəni sağalda biləcəkmi? - Mütəxəssislərdən önəmli təkliflər
Yeni nazir nədən başlamalı – Bahalı həkimlər, keyfiyyətsiz dərmanlar, cibə sığmayan sığorta...

16 ildən sonra... artıq ölkənin yeni səhiyyə naziri var: səhiyyə nazirinin birinci müavini olmuş, bu sistemdə kifayət qədər təcrübəsi olan Teymur Musayev. Onun vəzifəyə təyinatı icbari tibbi sığortanın tətbiqinin yeni-yeni başladığı və pandemiyanın hələ də davam etdiyi dövrə düşür.

Yeni səhiyyə nazirindən cəmiyyətin gözləntiləri nələrdir? Teymur Musayev islahatlara nədən başlamalıdır? İnsanların səhiyyə ilə bağlı hansı gözləntisi birinci həll edilməlidir?

Medicina.az mövzu ilə bağlı geniş araşdırma aparıb.


Əvvəlcə kiçik bir sorğu apardıq. Sorğunun nəticələrinə görə, respondentlər daha çox tibbi xidmətlərin əlçatan, ucuz və ya tam pulsuz olmasını, eləcə də dərmanların keyfiyyətinin artırılmasını arzulayır.

“Arzular paketi”nə, həmçinin Səhiyyə Nazirliyinə hər hansı şikayətlə müraciət etdikdə vətəndaşların süründürülməməsi, qurumun çevik reaksiya verməsi də daxildir.

Yeni nazirdən özəl klinikalardakı özbaşınalıqlara da əncam çəkməsi gözlənilir. Hərçənd ki Səhiyyə Nazirliyi özəl qurumların işinə qarışmadığını deyir.

Yeni nazir səhiyyəni sağalda biləcəkmi? - Mütəxəssislərdən önəmli təkliflər
Bir çox tanınmış tibb üzrə ekspertlər, həkimlər də Medicina.az-a yeni səhiyyə nazirindən gözləntilərini açıqlayıblar:

Tibb üzrə fəlsəfə doktoru, millət vəkili Musa Quliyev islahatların tezləşdirilməli olduğunu düşünür:

“Yeni səhiyyə naziri artıq səhiyyə sistemində başlamış islahatları tezləşdirib başa çatdırmalıdır.

Uzun illərdir yol gəldiyimiz islahatların son mərhələsinə çatmışıq. Bundan sonra TƏBİB və Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi arasındakı əlaqələrin möhkəmləndirilməsi, səlahiyyət sərhədlərinin tam bölüşdürülməsi, eyni zamanda səhiyyənin bütün xidmətlərinin yüksəldilməsi aktualdır.

Biz icbari tibbi sığortanı tətbiq etməklə, dövlətin səhiyyə yükünü, xərcini xeyli azaldıb, həm də paylaşmış olduq.
Amma bu xidmətlərin qiymətləri elə həddə olmalıdır ki, həm vətəndaşa yük düşməsin, eyni zamanda işin keyfiyyətinə mənfi təsir göstərməsin.

İcbari tibbi sığorta zərfinə daxil olan müalicə, əməliyyat qiymətləri bəzi hallarda reallıqdan çox aşağıdır. Buna görə bir çox özəl xəstəxanalarda çalışan cərrahlar sığortalı xəstələri əməliyyat etmək istəmirlər.

Bu da seçilən tibb işçilərinin çoxunun sığorta ilə işləməyən klinikalarla əməkdaşlığına səbəb olacaq. Bu, çox ciddi məsələdir.
Həkimin, orta tibb işçisinin fiks maaşının artırılması da vacibdir ki, onların gözü xəstənin əlində qalmasın.

Biz bu sistemdə elə təminatlar yaratmalıyıq ki, sığorta işinin şəffaflığını təmin edə bilək”.

HƏKİMLƏRİ BÖLGƏLƏRƏ NECƏ GÖNDƏRƏK?

M.Quliyev daha bir vacib məsələyə toxunub. O, bölgələrdəki kadr çatışmazlığı problemini qabardıb: “Azərbaycanın rayon və kəndlərində tibb kadrları çatışmır. Vakansiyaların çoxu kəndlərdədir. Amma heç kim ora getmir.

Burada da müəyyən stimullaşdırıcı təkliflər lazımdır. Təkliflərdən biri odur ki, rezidenturada təhsil alanlar dövlət hesabına müqavilə bağlamaqla, təyinatla 2-3 il kəndlərdə çalışsın”.



ŞPRİS İSTEHSALINDAN O YANA KEÇMƏMİŞİK...

Deputat Azərbaycanda dərmanların keyfiyyəti, qiyməti ilə bağlı problemlərə də diqqət çəkib: “Mən Milli Məclisin komissiya iclasında məsləhətlər vermişdim ki, Türkiyə ilə Azərbaycanın dərman sənayesini birləşdirək.

Burada biz udacağıq. Ölkə daxilində dərman istehsalını stimullaşdıran addımlar atmalıyıq. Neçə illərdir biz şpris istehsalından o yana keçməmişik. Yerli dərmanların istehsalına başlamalıyıq və buna dövlət nəzarəti olmalıdır. Səhiyyə Nazirliyi dərman təminatı, qiymətlərə qarışa, bunu həll edə bilər.

Bu məsələdə də İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, TƏBİB və Səhiyyə Nazirliyi koordinasiyalı fəaliyyət göstərməlidir”.

HƏKİMLƏRƏ QOYULAN YENİ DİOQNOZ - ƏLƏBAXIMLIQ

“İstanbul Klinika”nın direktoru, radioloq Aydın Əliyev düşünür ki, Səhiyyə Nazirliyi həm xalqın tələbləri, həm də böyük səhiyyə ordusunun maraqlarına uyğun çalışmalıdır: “Səhiyyənin ən vacib tərəfi xalqdır, xalqa xidmətdir. Səhiyyə işçiləri özü də xalqın bir hissəsidir.

Həkimlər, tibb işçiləri xalqdan ayrılmamalıdır. Səhiyyə işçilərinin də tibbi xidmətə ehtiyacı olur. Tibb işçilərinin maddi rifah halı məsələsi var. Səhiyyə Nazirliyi həm xalqın tələbləri, həm də böyük səhiyyə ordusunun maraqlarına uyğun çalışmalıdır.

İlk növbədə, yeni səhiyyə naziri tətbiq olunan icbari tibbi sığortanın sürətli inkişafına çalışmalıdır.

Çünki bu, xalqın maraqlarına daha yaxındır. Nə qədər xəstələr tanıyıram ki, ciddi problemi var idi, illərdir bahalı əməliyyatı etdirə bilmirdi, amma sığorta ilə tam pulsuz əməliyyat olundular.

Tibb işçilərinin sığorta əlavələrinin verilməsində çox gecikmələr var, onlar aylarla əlavələri ala bilmir. Bu, çox neqativ haldır. Tibb işçilərinin sığortaya motivasiyasını azaldır. Bunu isə, əksinə, artırmalıyıq ki. Tibb işçilərinin ələbaxımlılığı azalmalıdır”.

CİDDİ FİKİR AYRILIĞI VAR

Radioloq iki səhiyyə qurumu arasındakı koordinasiyaya da toxunub: “Mənim şəxsi qənaətimə görə, hazırda TƏBİB-lə Səhiyyə Nazirliyi arasında ciddi fikirayrılığı yoxdur.

Əvvəlkilər arasında bəzi anlaşılmazlıqlar var idi. Biri xəstəxanaya baş həkim qoyurdu, o biri çıxarıb başqasını təyin edirdi.
İstərdim ki, həm xalq, həm səhiyyə işçiləri əziyyət çəkməsin.

Əgər Səhiyyə Nazirliyi həkimləri imtahan edib sertifikasiyadan keçirirsə, sonra bu həkim gedib TƏBİB-in xəstəxanasında işləyəndə onun sığorta əlavəsi verilmirsə, Səhiyyə Nazirliyinin borcudur ki, hazırladığı, sertifikasiyadan keçirdiyi həkimin hüquqlarını qorusun.
Yeri gələndə, bəzi məsələlərdə ictimai qınaqlar da olmalıdır. İndi bizdə tibbi sığorta təzədir, hər şeyin ideal olmasını tələb edə bilmərik”.

A. Əliyev hesab edir ki, respublikadakı bütün xəstəxanaları hazırda yüksək səviyyədə maddi texniki baza ilə təmin etmək qeyri-mümkündür: “Bunu heç bir yeni səhiyyə naziri edə bilməz. Amma istiqaməti düzgün tutanda çox şeyə nail olmaq mümkündür. Nəyəsə nail olmaq üçün ilk növbədə tibb işçilərinin problemləri həll olunmalıdır.

Birinci növbədə, çalışmalıyıq ki, rüşvət məsələsi tam aradan qaldırılsın, bu hələ də var. Sağlam rəqabət olmayan yerdə bir vəzifəyə həqiqətən layiq olan kadr kənarda qalır, başqa biri ora qoyulursa, həkimlərdə mənəvi düşkünlük yaradır.

Qısa müddətə çox böyük dəyişikliklər də gözləmirik. Amma xalqın və tibb işçilərinin maraqlarına uyğun fəaliyyət olacaqsa, ikiəlli dəstəkləyəcəyik”.

HEÇ NƏ DƏYİŞMƏDİ, ÇÜNKİ YANAŞMA KÖHNƏDİR

Professor, tibb elmləri namizədi, tibb üzrə ekspert Adil Qeybulla isə qeyd edib ki, Səhiyyə Nazirliyinin bütün fəaliyyətini TƏBİB mənimsəyib: “Səhiyyədə problemlərin həllini bir fərdə bağlamaq düzgün deyil. Yeni nazirə uğurlar arzulamalıyıq.
Amma söhbət nazirdən yox, sistemdən gedir. Azərbaycanda səhiyyə sistemi Qərb standartlarına uyğun qurulmasa, bütün tibbi infrastruktur tələblərə cavab verməsə, bu səhiyyə vətəndaşın xeyrinə çalışmayacaq, həmişə narazılıqlar olacaq.

Lap məni də səhiyyə naziri təyin etsələr, biz bunu bacara bilmərik. Vədlər verilə bilər, çox adam deyə bilər ki, mən səhiyyə naziri olsam, hər şey ayrı cür olacaq, lakin bu absurddur. Nazirə lazımi şərait yaradılmasa, yüksək səviyyədə işlər görülməsə, heç nə dəyişən deyil.
Ölkənin səhiyyə siyasəti yenidən və düzgün qurulmalıdır.

Baxın, icbari tibbi sığortanın tətbiqinə yeni başlanılıb, yeni sistemdir, amma, görün, necə iflic vəziyyətdədir. Heç nə dəyişmədi, çünki yanaşma köhnədir, sistem dəyişməyib.

Mən hesab edirəm ki, icbari tibbi sığorta ilə bağlı məsələlər qaydaya salınmalıdır”.



BiR CƏRRAH 17 MİN, DİGƏRİ 150 MANAT MAAŞ ALIR

A.Qeybulla düşünür ki, Səhiyyə Nazirliyinin təsiri azaldılıb: “Nazirliyin bir çox səlahiyyəti, demək olar ki, TƏBİB-dədir. Bu da ciddi faktordur. Səhiyyə Nazirliyinin təsiri azalıb, fəaliyyəti parçalanıb.

Demək olar, onun səlahiyyətlərini TƏBİB mənimsəyib.

Belə olduğu halda Səhiyyə Nazirliyindən nə gözləyə bilərik?! Mən hesab edirəm ki, yaxın gələcəkdə TƏBİB bir İşçi Qrup kimi Səhiyyə Nazirliyinin tabeliyində olmalıdır. Bir vahid qurum yaranmalıdır”.

Professorun fikrincə, tibb işçilərinin maaşına yenidən baxılmalıdır: “İcbari tibbi sığortada bütün həkimlərin fiks, Azərbaycan bazar qiymətlərinə uyğun normal dolana biləcəyi maaşı olmalıdır.

İndiki kimi - bir cərrah 17 min manat, digəri 150 manat maaş almamalıdır. Bu ayrı-seçkilik anormaldır. Bu olmadan icbari tibbi sığortadan danışmaq mənasızdır.

Maaşlar çox aşağıdır. Biz yaxın Türkiyə modelinə baxmalıyıq, onların sistemi bizə çox uyğundur, artıq oturuşmuş bir sistemdir.
Səhiyyədə düzgün sistem budur ki, rayonların səhiyyə xidməti ilə Bakının səhiyyəsi fərqli olmasın: istər xəstəxana, istər həkim təminatı baxımından. Sistem o deməkdir ki, səhiyyə, tibbi xidmət elektronlaşdırılmalıdır.

Hər bir vətəndaşın aldığı tibbi xidmət, xəstəlik tarixçəsi, keçirdiyi əməliyyatlar bazaya daxil edilməlidir. Eləcə də hər bir həkimin gördüyü iş - hər bir şey qeydiyyata alınmalıdır.

Bu gün klinikalar, həkimlər partizan fəaliyyəti göstərir. Buna bir son qoymaq lazımdır”.



REKLAM