Həkimlər xəstəyə görə bonus qazanacaqlar, bu, yeni bazarın açılması olmayacaq ki?!
"Lakin hansı həkimin daha çox xəstəsinin olması onun daha çox qazanacağı anlamına gəlsə, o zaman yenə də neqativ halların şahidi olacağıq" - Adil Qeybulla
İcbari tibbi sığorta sistemi tətbiq edildikdən sonra həkimlərə əməkhaqlarının verilməsi qaydalarının hazırlanması artıq yekunlaşıb. Sputnik Azərbaycan-ın xəbərinə görə, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin sədri Zaur Əliyev deyib.
Onun sözlərinə görə, hazırda həkimlərə əməkhaqları dərəcələrlə, vahid tarif cədvəli ilə verilir:
"Biz həmin dərəcəni, tarif cədvəlini saxlamaqla, onun üzərinə sabit bir məbləğ əlavə edirik. Bu, o deməkdir ki, tibbi personal xəstəsinin olub-olmamasından asılı olmayaraq, həmin sabit məbləği alacaq. Onun üzərinə də dəyişən məbləğ, başqa sözlə, bonus əlavə olunacaq. Bu bonus da xəstənin sayı ilə bağlı olacaq".
Z.Əliyev qeyd edib ki, icbari tibbi sığorta sisteminin tətbiqi edildiyi pilot tibb müəssisələrində həkimlərin orta aylıq əməkhaqqı 960 manata çatıb. Agentlik rəhbərinin sözlərinə görə, bu gün həmin müəssisələrdə cərrahlar hətta bütün vergiləri ödədikdən sonra 3000-6000 manata qədər əmək haqqı alırlar. Əsas məqsədlərdən biri odur ki, həkimlər yüksək əmək haqqı alsınlar. Bu da maliyyə imkanları ilə bağlıdır. Sistem işlək olduqdan sonra, maliyyə mənbələri artdıqca həkimlərin əmək haqları davamlı olaraq artacaq.
Necə edək ki, harayımıza vaxtında çatsınlar - Yardıma tələsənin özünün köməyə ehtiyacı var
Maraqlıdır, belə bir modelin Azərbaycanda tətbiqi necə olacaq?
Tibb üzrə ekspert Adil Qeybulla Sputnik Azərbaycan-a açıqlamasında bu haqda danışıb. O belə hesab edir ki, icbari tibbi sığortann ölkəmizdə tətbiqi Azərbaycansayağı olacaq: "İcbari tibbi sığortanın ayrı-ayrı pilot rayonlarda tətbiqindən sonra bütün respublika üzrə icbari tibbi sığorta agentliyinin tətbiqinə başlanılmalı idi. Əslində isə beynəlxalq praktikada bu cür yanaşma yoxdur. Lakin mövcud duruma nəzər salsaq, hələlik icbari tibbi sığortanın respublika üzrə tətbiqinin təsdiqlənmədiyini görə bilərik".
Ekspert bildirir ki, bunun üçün ilkin olaraq icbari tibbi sığorta paketinə nəyin daxil olduğunu müəyyənləşdirmək lazımdır: "Lazımi vəsait ayrılmalıdır. Daha sonra isə bunun üçün məsul olan xəstəxanalar müəyyən edilməlidir. Təbii ki, istəkdən asılı olaraq özəl sektor da bu prosesə cəlb edilə bilər".
Nə həkim var, nə də xidmət - Bölgələrdə sığorta problemi necə həll olunacaq>>
O deyir ki, icbari tibbi sığorta üçün əsas olan məsələ həkimlərin maaş sistemidir: "Bunun üçün həkimlərin fiksə olunmuş maaşları olmalıdır. Bunun üçün həkimlərə 1500-2000 manat civarında maaş vermək olar. Bu çox vacibdir. Çünki icbari tibbi sığorta üçün də əsas məsələlərdən biri həkimlərin maaş sistemidir. Həkimin kvotası olmalıdır, bundan əlavə, xəstənin gəlməsi bonus kimi qəbul edilməlidir. Lakin hansı həkimin daha çox xəstəsinin olması onun daha çox qazanacağı anlamına gəlsə, o zaman yenə də neqativ halların şahidi olacağıq. Bu zaman müəyyən həkimlər diskriminasiya olunacaq, müəyyən həkimlər isə telekanallarda yenidən 1 nömrəli adlandırılacaqlar".