sehiyye.info

Modul tipli xəstəxanaların fəaliyyəti dayandırıldı - ÖZƏL

Modul tipli xəstəxanaların fəaliyyəti dayandırıldı - ÖZƏL
Koronavirusla (COVİD-19) mübarizə məqsədilə yaradılmış Modul tipli xüsusi xəstəxanalar bağlanıb.

Əldə etdiyimiz məlumata görə, artıq həmin xəstəxanalarda çalışan tibb işçiləri özlərinə yeni iş yerləri axtarır.

Məlumatı dəqiqləşdirmək üçün “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” (TƏBİB) ilə əlaqə saxladıq.

Qurumun İctimaiyyətlə əlaqələr və tədbirlər şöbəsinin müdiri Zamirə Ədilova Redaktor.az-a bildirdi ki, COVID-19-la mübarizə tədbirləri çərçivəsində TƏBİB-in tabeliyində olan Modul tipli xəstəxanaların fəaliyyət istiqaməti aktiv yoluxma sayının artması və azalmasına uyğun olaraq tənzimlənir:

“Respublika üzrə fəaliyyətdə olan pandemiya tibb müəssisələrində müalicə olunan xəstə sayı nəzərdən keçirilib və təhlil aparılıb. Yoluxanların sayında kəskin azalma müşahidə olunduğu üçün bütün növ resursların optimallaşdırılması və səmərəli tətbiqi məqsədilə bəzi pandemiya müəssisələrinin, o cümlədən modul tipli xəstəxanaların fəaliyyəti dayandırılmışdır. Qeyd edək ki, bölgələrdə və Bakıda COVID-19-la mübarizəyə cəlb edilmiş bəzi xəstəxanalarda ənənəvi xidmət bərpa edilib”.

Modul tipli xüsusi xəstəxanalarda çalışan tibb işçilərinin sonrakı taleyinə gəlincə, Zamirə Ədilova dedi ki, “COVİD-19”-la mübarizəyə cəlb edilmiş tibb personalı postpandemiya dövründə fəaliyyətlərini ənənəvi tibbi xidmətlərin göstərilməsi üzrə davam etdirəcəklər:

“Tabeli müəssisələrdə COVİD-19-la mübarizə bölmələr, bir də modul tipli xəstəxanalar yaradılmışdı. Burada fəaliyyət göstərənlər xəstəxanalarda çalışan həkimlər idi. Yəni heç bir həkim çalışdığı yerdən çıxarılmamışdı. Sadəcə onlar COVİD-19-la mübarizəyə cəlb olunmuşdular. Bundan sonra da ənənəvi xidmətlərin göstərilməsi üzrə fəaliyyətlərini davam etdirəcəklər”.



REKLAM