sehiyye.info

"Sevgi hiss etdirmək lazımdır ki, başqalarından sevgi axtarışında olmasınlar"

"Sevgi hiss etdirmək lazımdır ki, başqalarından sevgi axtarışında olmasınlar"
Son günlər sosial şəbəkələdə yayılan bir video insanların sərt reaksiyasına səbəb olub. Həmin görüntülərdə ana övladını zarafata kameraya çəkir. Amma danışıq tərzi, "səni kəsəcəyəm, səni öldürəcəyəm" kimi sözlərindəki kobudluq, uşağa söyüş məqsədi ilə öyrədilən kəlmələr insanda ikrah hissi yaradır. Təəssüf ki, bu kimi hallarla yalnız sosial şəbəkələrdə deyil, real həyatda da rastlaşırıq. Belə danışıqlar uşaqlarda hansı təsirləri qoyur? Onların şəxsiyyətinin necə formalaşmasına səbəb olur?

Sehiyye.info xəbər verir ki,mövzuyla bağlı Sonxeber.az psixoloq Aygün Cəfərovadan münasibət öyrənib.

O bildirib ki, formalaşma müddətində valideyn uşağa qarşı necə yanaşırsa, mütləq ki, eyni davranışları sonradan onda görəcək:

"Hər bir insan fərd olaraq doğulur, şəxsiyyət olaraq formalaşır. Formalaşma müddətində ailənin rolu çox böyükdür. Təbii ki, genetikanın da təsiri var, amma ailə daha əhəmiyyətli rol oynayır. Siz dediyiniz məsələdəki kimi, valideyn övladına "səni kəsəcəyəm, səni öldürəcəyəm" kimi sözlər deyir, sərt davranışlar və hədə-qorxularla yanaşırsa, həmin uşaqda qorxu, təşviş formalaşır. Bu cür böyüyən uşaqlar gələcəkdə heç vaxt özünə güvənə bilmirlər, hər zaman bir işə başlamaq istədikdə, hətta məktəbdə dərs danışmaq istəyərkən, yaxud uşaqlarla ünsiyyətdə çətinlik çəkəcəklər. Bu ona mənfi təsir göstərərək, natamam şəxsiyyət kimi formalaşmasına gətirib çıxaracaq. Natamamlıq kompleksindən əziyyət çəkən insan daim özünü sevdirməyə, diqqət mərkəzində olmağa çalışacaq. Bu da ən pik səviyyədə şəxsiyyət pozuntusuna kimi gedə bilər.

Ümumiyyətlə, uşaqlarda ən böyük travmalar 6-7 yaşına kimi yaranır. Sonradan cəmiyyətdə qarşılaşdığımız davranış pozuntuları, qeyri-adekvat hərəkətlər və s. problemlərin başında məhz həmin yaşa kimi qoyulmuş travmalar durur. Bu səbəbdən valideynlərə məsləhətim odur ki, mütləq olaraq uşaqlarla danışdıqları sözləri, onları əzizləyəndə, hətta tənqid edəndə belə ifadələrini diqqətlə seçməlidirlər. Əgər sağlam bir övlad, sağlam gələcək, sağlam mühit istəyiriksə, bilməliyik ki, formalaşdırdığımız uşaqların tək yedizdirmək, yatızdırmaqla ehtiyacları ödənmir, onların psixoloji, emosional hal durumları da çox vacibdir.

Gün ərzində ən azı 3 dəqiqə 3 dəfə olmaqla uşaqlarla qucaqlaşıb, emosional kontakt qurmaq lazımdır. Onlar bağçadan, məktəbdən gələn zaman günlərinin necə keçdiyini, əhvallarını soruşmaq, onlarla ünsiyyət qurmaq mütləqdir. Uşaqlara sevgini aşılamaq, sevildiklərini hiss etdirmək lazımdır ki, onlar başqalarından sevgi axtarışında olmasınlar".



REKLAM