sehiyye.info

Sevərkən insanla nə baş verir?

Sevərkən insanla nə baş verir?
Sevənlər arasında belə ifadə tez-tez işlədilir: "Ağlımı itirdim"
Bəziləri sevgiyə inanır, bəziləri heç olmadığını deyir, bir qismi də sevir və bu daxili narkomaniyadan əziyyət çəkir. Mütəxəssislər hesab edirlər ki, sevgi müsbət dəyərləndirilsə də, bu hiss təhlükəlidir və hədsiz sevgi insanı asılılıq dərəcəsinə çatdırır. Fikir vermisinizsə, sevənlər arasında belə ifadə tez-tez işlədilir: "Ağlımı itirdim".

Sevgi nədir?


Psixoloq Elnur Rüstəmovun sözlərinə görə, sevgi özündə bir enerji daşıyır: "İnsanı digər canlılardan fərqləndirən ən mühüm xüsusiyyət sevgidir. Fikir versəniz, heyvanlarda sevgi instinkt üzərində qurulub və instiktiv tələbatları ödəmək üçündür. Ancaq insani sevgidə instinkt olsa da, hörmət, qayğı, himayə etmək var və bu şüurlu şəkildə baş verir. Heyvan da himayə edir, amma onda bu, şüursuz baş verir".

Diqqət etsəniz, bütün uğur qazanan insanlar böyük sevgiyə sahib olub. Onlar sevgi uğrunda karyera qurublar, həyatda uğur qazanıblar. Ola bilsin ki, onların bir qismi uğursuz sevgi yaşasın, amma bu, hiss onlar üçün yaxşı motivasiya rolunda olub. Bəzi hallarda isə sevgi insanın həyatını məhv edib, ailələr dağılıb, insan həyatına daha davam edə bilməyib. Bütün bunlar onu göstərir ki, sevgi hər bir insanın həyatında çox önəmlidir.

Sevgi olmayan yerdə neqativ fikirlər artır

Sevən insan pozitiv olur. Sevən insanlar insanları sevərlər. Bu hissi yaşamayan insanlara fikir verin. Onlar çox qarqabaq olur, insanlarla ünsiyyətdən qaçır, qapalı olur, onlarda həyatdan şikayət etmək kimi neqativ proseslər baş verir. Amma sevən adamlar hər bir şeyə pozitiv baxırlar. Ona görə də, sevgini inkişaf etdirmək lazımdır.


Sevgi isə insanda ana bətnindən başlayır. Uşaq ana bətnində istənilən uşaq olmalıdır. Belə ki, sevgidən məhrum olan uşaq sevməyi də bacarmır. Onlarda neqativ duyğular daha çox olur.

Sevgiyə inanmıram, sevgi yoxdur!

Psixoloq bildirib ki, ailədaxili konfliktlər olan, natamam (ana və atanın iştrakı olmayan ailə) ailələrdə və ya zorakılıq olan ailələrdə böyüyən uşaqlar daim sevilmədiklərini düşünürlər. Və ömür boyu bu qorxu ilə yaşayırlar. Nəticədə sevgiyə inamsız yanaşırlar.

Qarşılıqsız sevgi

Sevgidə 100 faiz anlayışı yoxdur. Ola bilsin ki, kişi qadını daha çox sevir və ya əksinə. Hər ikisinin bir-birini eyni dərəcədə sevməsi nadir hallarda mümkün ola bilər. Qarşılıqsız sevgi ilə yaşamaq isə insanın psixoloji travmadan əziyyət çəkməsini göstərir. Fikir verin: "Mən ikimizin də yerinə secəvəyəm". Ömrləri boyu belə insanlar qarşı tərəfin də onu sevəcəklərinə ümid edirlər.

O da məni sevirmi?

Bu sual əksər sevənləri düşündürür. Əslində insanlar bir-birlərinə siqnallar ötürürlər. Bu səbəbdən də insanlar bir-birlərini sevib-sevmədiklərini yaxşı bilirlər. Qarşı tərəfin hansı dərəcədə sevdiyinin fərqində olurlar. Çox vaxt da insanlar özlərini aldadırlar ki, "sabah bundan daha gözəl olacaq, sabah daha çox sevəcək". İnsan özünü aldadır, aldadır və bir də görür ki, ailə var, uşaq böyüyür, uşağı evlənir və yaşlanırıq, artıq nəvə də var.

Sevgi necə yaranır?

Terapevt Hüseyn Mehdiyevin sözlərinə görə, ilk hisslər buruna feromon adlı maddələrin daxil olması ilə yaranır: "Hər bir insan feromon adlı maddələri özündən xaric edir ki, bu maddələr də əks cinsi cəlb edir. Feromon maddəsi buruna daxil olur və bunun təsirindən orqanizmə siqnal yayılır. Bundan sonra hormonların ifrazı başlayır. Hormonların ifrazı sevgi və ya güclü ehtirası yaradır".

Sevginin ömrü

Terapevt bildirib ki, sevgi hormonlarının ifrazı müəyyən müddət olur: "Yəni müəyyən hormonlar öz arzusuna çatandan sonra azalmağa başlayanda artıq əsl sevgi ilə yalançı, yalnız ehtirasa əsaslanan sevginin iç üzü açılır. Həqiqi sevgidirsə, hormonların ifrazı bir qədər də davam edir. Yalançı sevgi isə bir ilə təmiz sönür. Bəzən bu, heç bir il də sürmür. Əsl sevgini isə bu hormonlar azaldıqca insan özü yaradır. Ümumiyyətlə, sevginin uzunömürlüyü insanın müsbət aurası, bəxş etdiyi müsbət emosiyalarından asılıdır. Qırğın və daimi mübahisələr sevginin tədricən sönməyinə gətirib çıxarır. Müsbət auranın, müsbət əhvalın təsirindən isə hormonların ifrazı bərpa olur və sevgi bir qədər də yaşayır".

Dərmanlarla süni sevgi

Müasir zamanda alimlər sevgini daha da alovlandıran bir sıra qidaları müəyyən ediblər. Mehdiyev bildirir ki, balıq, kartof, banan, bolqar bibəri, şokolad, dondurma, badam, düyü və başqa qidalar var ki, endofin maddəsi ilə zəngindilər. İnsan bu məhsullardan çox istifadə etdikdə həyata baxışı dəyişir, həyatdan daha razı olur. Bu məhsullar məmnunluq hissini yaradır.


Sevgi və istək hissini süni yaradan ətirlər də var. Bu cür ətirlərin elanına internet saytlarda tez-tez rast gəlinir. Əks cinsin nümayəndələrində istək oyadan bu ətirlərə təbii feromon maddəsini qismən də olsa əvəz edən maddələr əlavə olunur. Müəyyən dərmanlar da var ki, sevginin ömrünü uzadır: Amma onların təsiri az və qısamüddətlidir.



REKLAM