Günel Gözəlova ərini əməliyyat edən həkimi məhkəməyə verdi
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq mətbuat katibi, telejurnalist Günel Gözəlova tanınmış cərrah Araz Bayramova qarşı məhkəmə iddiası qaldırıb.
Sehiyye.info xəbər verir ki, G.Gözəlovanın həyat yoldaşı Anar Gözəlov kəskin böyrək ağrısına görə Buta Klinikasında cərrah uroloq-androloq Araz Bayramov tərəfindən əməliyyat edilib.
Həmin klinikada Araz Bayramovun təyinatı üzrə fevralın 6-da A.Gözəlovdan əməliyyat öncəsi sağlamlığının əməliyyata hazır olub-olmadığını müəyyən etmək üçün qan analizləri götürülüb.
Fevralında 18-də A.Gözəlov əməliyyat olunub. Əməliyyatdan ayılan kimi A.Gözəlovun səhhətində ciddi problemlər müşahidə olunub. Ailəsi bunu təkidlə desə də, klinikanın stasionar şöbəsinin baş tibb bacısı vəziyyəti ciddiyə almayıb, cərrah-uroloqsa vəziyyətdən 1 sutka sonra xəbərdar olub. Belə ki, zərərçəkən əməliyyatdan sonra anlaqsız vəziyyətdə olub, nitqində çox ciddi qüsurlar müşahidə edilib, üzvi mənşəli şəxsiyyət pozuntusu diaqnozu ilə 5 aydır müalicə alır.
Buta Klinilasında nevropotoloq olmadığına görə kənardan dəvət olunan nevropotoloqun və xəstənin ailəsinin təkidi ilə 10 gün sonra olunan MRT müayinəsi zamanı müəyyən edilib ki, Anar Gözəlov əməliyyat vaxtı ikitərəfli beyin infarktı keçirib.
Zərərçəkən iddia qaldıraraq həkim Bayramov Araz Eldar oğlunu məhkəməyə verib. İddia ərizəsi Nərimanov rayon Məhkəməsində hakim Vüqar Quliyevin icraatında araşdırılır. A.Gözəlovun iddiası üzrə Məhkəmənin hazırlıq iclası keçirilib, məhkəməyə baxış iclası isə iyulun 27-nə təyin edilib.
Qeyd edək ki, telejurnalist Günel Gözəlova həkimin cəzalandırılması, əməliyyatda baş verənlərin ciddi araşdırılması üçün Prezident İlham Əliyevə, Birinci Vitse-Prezident Mehriban Əliyevaya, Daxili İşlər naziri Vilayət Eyvazova, Baş prokuror Kamran Əliyevə, Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Əli Nağıyevə, Səhiyyə Nazirinin müavininə məktubla şəxsən müraciət edib. Günel Gözəlovanın qeyd olunan məktubu ilə bağlı hazırda məhkəmədən kənar Nərimanov rayon Prokurorluğunda araşdırma aparılır.//axsam.az