sehiyye.info

Bakıda 33 yaşlı kişiyə ikinci dəfə böyrək köçürülüb

Bakıda 33 yaşlı kişiyə ikinci dəfə böyrək köçürülüb
Respublika Müalicəvi Diaqnostika Mərkəzində təkrar böyrək köçürmə əməliyyatı icra edilib. RMDM-in Böyrək xəstəlikləri və transplantologiya şöbəsinin müdiri, cərrah-uroloq, transplantoloq Rəşad Şolanın rəhbərliyi ilə 33 yaşlı kişiyə böyrək köçürülüb. Donor xəstənin həyat yoldaşı olub.

Pasiyent Anar Qarayevin sözlərinə görə, ona 2 il bundan əvvəl digər tibb mərkəzində böyrək koçürülsə də, təəssüf ki, ilk gündən böyrək kifayət qədər fəaliyyət göstərməyib və bir il sonra həmin böyrəyin xaric edilməsi zərurəti yaranıb: “Bundan sonra təkrari böyrək transplantasiyası əməliyyatı üçün məni Səhiyyə Nazirliyinin xətti ilə Respublika Müalicəvi Diaqnostika Mərkəzinə yönləndirdilər. Peşəkar cərrah Rəşad Şolan əməyi sayəsində əməliyyatım uğurla keçdi”.

R. Şolan bildirib ki, əməliyyat texniki cəhətdən kifayət qədər mürəkkəb olub: “Mürəkkəblik anatomik problemlərlə əlaqədar idi, belə ki, böyrəyi sol qalça çuxuruna köçürtdük. Bədənin böyrək damarlarını birləşdirdiyimiz (anastomoz qoyulması) hissəsində qalça damarlar dərində yerləşdiyi üçün bu, əməliyyat zamanı böyük çətinliklər yaradırdı. Bütün anatomik çətinliklərə baxmayaraq, əməliyyat uğurla keçdi. Köçürülən böyrək hazırda tamamilə normal fəaliyyət göstərir, resipiyent və donorun vəziyyəti yaxşıdır”.



REKLAM