Qadın həyat yoldaşına böyrəyini verdi - Səhiyyə
Unikal təkrari böyrəkköçürmə əməliyyatı Respublika Müalicəvi Diaqnostika Mərkəzinin (RMDM) “Böyrək xəstəlikləri və transplantologiya” şöbəsinin müdiri, cərrah-uroloq, transplantoloq, t.ü.f.d. Rəşad Şolanın rəhbərliyi ilə 33 yaşlı kişi üzərində aparılıb. Donor xəstənin həyat yoldaşı olub.
Sehiyye.info Metbuat.aza istinadən bildirir ki, pasiyent Anar Qarayevin sözlərinə görə, ona 2 il bundan əvvəl digər tibb mərkəzində böyrək koçürülsə də, təəssüf ki, ilk gündən böyrək kifayət qədər fəaliyyət göstərməyib. Bir il sonra həmin böyrəyin xaric edilməsi zərurəti yaranıb.
Cərrahın bildirdiyinə görə, əməliyyat texniki cəhətdən kifayət qədər mürəkkəb olub: “Mürəkkəblik anatomik problemlərlə əlaqədar idi, belə ki, böyrəyi sol qalça çuxuruna köçürtdük. Bədənin böyrək damarlarını birləşdirdiyimiz (anastomoz qoyulması) hissəsində qalça damarlar dərində yerləşdiyi üçün bu, əməliyyat zamanı böyük çətinliklər yaradırdı. Bütün anatomik çətinliklərə baxmayaraq, əməliyyat uğurla keçdi. Köçürülən böyrək hazırda tamamilə normal fəaliyyət göstərir, resipiyent və donorun vəziyyəti yaxşıdır.”