“Bir insan boğulma mərhələsinə düşübsə...” – Həkimdən qorxulu açıqlama
Azərbaycanda koronavirusa yoluxanların sayı 7 500 nəfəri ötüb. Bugünədək 88 nəfər virus səbəbilə vəfat edib, 3 316 nəfər isə xüsusi rejimli xəstəxanalarda müalicə alır. 69 nəfərin vəziyyəti ağır, 80 nəfərin vəziyyəti isə orta ağır qiymətləndirilir. Yoluxanların sayı artdığı üçün ötən həftəsonu Azərbaycanın 5 şəhərində sərt karantin rejimi tətbiq olunub, və insanların hərəkəti məhdudlaşdırılıb. Lakin bu qərar bimənalı qarşılanmayıb. Belə ki, əksəriyyət yalnız həftəsonları tətbiq olunan bu qadağanın nəticəsiz olduğunu düşünür.
Maraqlıdır, şənbə və bazar günləri üçün nəzərdə tutulan karantin tədbirlərinin mümkün nəticələri nə zaman bilinəcək? Əgər bu tədbirin effekti zəif olarsa, xəstəliyin yayılmasının qarşısını almaq üçün daha hansı addımlar atılmalıdır?
Məsələ ilə bağlı Yenisabah.az-a açıqlama verən tanınmış terapevt Rasif Bağırov qeyd edib ki, adətən, qısa zaman üçün müəyyən sahələrdə məhdudiyyət tətbiq olunanda növbəti günlərdə insanlar arasında sıxlıq yaranır. Bu sıxlıq isə daha çox yoluxmaya səbəb olur:
“Karantinin qısamüddətli aparılmasının hansısa bir effektini görmürəm, iki gündə nə effekt ola bilər? Düzdür, istənilən halda karantin effektli olur, amma söhbət ondan gedir ki, karantinin bu tətbiq qaydası doğru deyil. Məsələn, bu qaydanı həftəiçi tətbiq etsələr, daha effektli olardı, həftəsonu insanlar istirahət edir, sıxlıq daha çox həftəiçi olur. Bu nəzərə alınmalıdır.
Hazırda koronavirus daşıyıcılarının sayı karantin tətbiq olunduğu ilk gündən dəfələrlə çoxdur. Ona görə də ümumi karantin vaxtını biraz daha uzatmaq lazımdır. Təbii olaraq, burada bütövlükdə sərt rejimi nəzərdə tutmuram, yəni ilk varianta uyğun qayda tətbiq olunsa, tədbirlər daha effektli olar. Bu, yoluxmanı azaldan əsas variantdır.
Həmçinin metronun iş qrafikini sürətləndirmək lazımdır. İnsanlar 3 dəqiqə yox, 1 dəqiqə gözləsinlər ki, sıxlıq çox olmasın”.
Həkim hazırda karantin rejiminin tamamilə ləğv olunmasının mümkünsüzlüyünü də diqqətə çatıdırıb:
“İnsanların karantindən çıxması üçün yoluxmaların sayında azalma müşahidə olunmalıdır. Virus elə bir problemdir ki, insanların arzusu ilə nəsə etmək mümkün deyil. İnsanların gərginliyini azaltmaq üçün yox, virusu yox etmək üçün addımlar atılmalıdır. Çünki gərginlik məsələsi əsas götürülüb addım atılsa, heç virusun qarşısını almaq mümkün olmaz. Virusla mübarizədə bəzi ölkələrdə komendat saatı tətbiq olunur. Belə olan halda hələlik ləğv olunması mümkün görünmür”.
Rasif Bağırov aparılan testlərin müəyyən olunma vaxtı ilə bağlı da danışıb:
“Bəziləri testi nəticələri tez, bəzilərininki isə gec verilir. Adam tanıyıram ki, test nəticəsini 5 günə alıb, elələri də var ki, 10 günə cavab gəlir. Bu məsələdə yerlərdə qaydaların pozulması müşahidə olunur, yaxşı olardı ki, ona nəzarət güclənsin”.
Həmsöhbətimiz müalicə prosesinin də gərəkdiyi kimi olmadığını vurğulayıb:
“Hər yerdə müalicə prosesi bir cür aparılır, gərək normal protokol götürülsün və o protokol əsasında müalicə aparılsın. Avropa ölkələrində aparılmış və effektli olan müalicənin protokolunu əsas götürmək olar. Belə olarsa, müalicə effektli ola bilər. Yoxsa nəfəs aparatına ümid olmaq düzgün deyil. Koronavirus ağciyərdə elə bir dəyişiklik yaradır ki, onu ancaq hər bir həkim öz şəxsi təcrübəsindən irəli gələn müəyyən metodlarla həll edir. Çünki onu görür, bilir və o istiqamətdə işini aparır. Burada effektli üsülu olan həkimin metodu da əsas götürülə bilər. Koronavirus hüceyrələrin kütləvi məhv olması və ağciyərlərdə ödemlərin yaranmasına gətirib çıxarır, nəticədə də insan boğulmağa başlayır. O boğulma mərhələsinə qədər müəyyən addımlar atmaq olar ki, həmin situasiya yaşanmasın. Bir insan boğulma mərhələsinə düşübsə, ona oksigen verməklə nə əldə etmək olar ki? Ona görə də vahid müalicə sistemi olmalıdır. Ancaq bu insana kömək edə bilər”.