Azərbaycan Tibb Universitetinin rəhbərliyinin iştirakı ilə onlayn konfrans keçirilib
Bu gün Azərbaycan Tibb Universiteti (ATU) rəhbərliyinin iştirakı ilə onlayn konfrans keçirilib.
Universitetin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, konfransda ölkədə yaranmış mövcud vəziyyətlə əlaqədar olaraq universitetdə keçirilən onlayn dərslərin hazırkı vəziyyəti və tələbələrin qiymətləndirilməsi prosesinin təşkilinə dair müzakirələr aparılıb.
Rektor Gəray Gəraybəyli konfransda onlayn dərslərin nə zaman bitəcəyi, son buraxılış kursunda semestr imtahanları, dövlət attestasiyasının keçirilmə qaydaları ilə yanaşı, digər kursların tələbələrinin də qiymətləndirilməsinin onlayn olaraq aparılması, imtahana düşəcək test suallarının sayının azaldılması, təhsil haqqının ödənilməsi və s. ilə əlaqədar məsələlərə toxunub.
Rektor universitet rəhbərliyinin tələbələrə lazımi köməyi edəcəyini qeyd edib və buraxılış kurslarından başqa digər kursların tələbələrinin yaz semestri üçün təhsil haqqının ödəmə müddətinin sentyabrın 15-dək uzadılmasını təklif edib.
Qeyd edək ki, telekonfransda bir çox məsələlərə dair fikir mübadiləsi aparılıb. Təkliflərin ATU-nun böyük elmi şurasının qərarından sonra təsdiqlənəcəyi nəzərdə tutulur.