Azərbaycan Tibb Universitetinin rektoru imtahanların gedişatını izləyib
Azərbaycan Tibb Universitetinin rektoru, professor Gəray Gəraybəyli universitetdə keçirilən imtahanların gedişini izləyib.
Universitetin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, rektor buraxılış kurslarının Obyektiv Strukturlaşmış Klinik İmtahanına, eləcə də İmtahan Mərkəzində test imtahanlarına baxış keçirib.
G.Gəraybəyli tələbələrlə söhbət aparıb, imtahanla bağlı onları maraqlandıran məsələləri müzakirə edib. Həmçinin tələbələrin imtahan sualları ilə bağlı fikirlərini universitet rəsmilərinin diqqətinə çatdırıb.
İmtahandan sonra rektor universitetin 5 saylı korpusunda İnformasiya Sistemlərinin Təşkili və İdarəetmə Mərkəzi üçün yaradılan şəraitlə tanış olub. Burada elektron jurnalın və sistemin gedişatını izləyib.
Qeyd edək ki, tələbələr müvafiq fəndən bacarıq imtahanını verdikdən sonra test üsulu ilə nəzəri imtahanlara keçid alırlar. Universitetin ictimai səhiyyə fakültəsində isə buraxılış imtahanları Obyektiv Strukturlaşmış Praktik İmtahan üsulu ilə keçirilir.