Azərbaycanda bu şəxslərin də maaşı KƏSKİN ARTDI
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ““Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin tabeliyindəki tibb müəssisələrində çalışan səhiyyə işçilərinin əməyinin ödənilməsi sistemi haqqında” Qaydanı təsdiq edib.
Agentlikdən Publika.az-a verilən məlumata görə, qaydaya əsasən tibb işçisinin əmək haqqına tutduğu vəzifədən, stajından və xidməti fəaliyyətinin qiymətləndirilməsindən asılı olaraq müəyyən edilən vəzifə (tarif) maaşı, əmək şəraitinə görə ödənilən əlavələr, həvəsləndirici əlavələr və Əmək Məcəlləsində nəzərdə tutulmuş digər ödənişlər daxildir.
Səhiyyə işçilərinə əmək şəraitinə görə verilən əlavələr aşağıdakı növlərdən ibarətdir:
sağlamlıq üçün təhlükəli və ağır olan əmək şəraitinə görə əlavə;
sağlamlıq üçün xüsusilə təhlükəli və xüsusilə ağır olan əmək şəraitinə görə əlavə;
insanın immunçatışmazlığı sindromu (QİÇS) və ya insanın immunçatışmazlığı virusu (İİV) ilə əlaqəli əmək şəraitinə görə əlavə;
ixtisas dərəcəsinə görə əlavə;
fasiləsiz əmək stajına görə əlavə;
gecə vaxtı yerinə yetirilən işə görə əlavə;
əmək şəraitinin xüsusiyyətlərinə görə əlavə;
işin mürəkkəbliyinə, gərginliyinə, yüksək keyfiyyətinə və əməkdə yüksək nəticələrə görə əlavə.
Orta və kiçik tibb işçilərinin göstərdikləri xidmətlərin xüsusiyyətləri nəzərə alınaraq, onların aylıq vəzifə (tarif) maaşlarına tətbiq edilən həvəsləndirici əlavələr tutduqları vəzifələrdən asılı olaraq sabit əlavələr şəklində təyin olunur.
Struktur vahidin/vəzifənin adı
Sabit əlavələrin məbləği
Orta tibb işçiləri (heyəti)
Reanimasiya şöbəsi (Laborant vəzifəsində çalışan işçilər istisna olmaqla), Cərrahiyyə şöbəsinin Əməliyyatxana bölməsi (Əməliyyatxana bölməsində əməliyyatxana texniki vəzifəsində çalışan işçilər istisna olmaqla)
160,00 manat
Cərrahiyyə (Əməliyyatxana bölməsində çalışan işçilər istisna olmaqla), Terapiya, Uşaq, Ginekologiya və doğum, Hemodializ, Laboratoriya, Fizioterapiya şöbələri, Aptek bölməsi, Statistika bölməsində tibbi statistik vəzifəsində çalışan, Radiologiya şöbəsində texnik vəzifəsində çalışan, habelə Reanimasiya şöbəsində laborant vəzifəsində çalışan orta tibb işçiləri
110,00 manat
Ailə Sağlamlıq Mərkəzində çalışan orta tibb işçiləri
80 manat
Poliklinika, Radiologiya (Radiologiya şöbəsində texnik vəzifəsində çalışan işçilər istisna olmaqla) şöbələrində, Yoluxucu xəstəliklər və Vərəm şöbələrində stasionar xidmət göstərən, Nevroloji Sanatoriya və Sanatoriya-Kurort tipli bölmələrdə orta tibb işçiləri
80,00 manat
Əməliyyatxana bölməsində əməliyyatxana texniki vəzifəsində çalışan orta tibb işçiləri
40,00 manat
Baş tibb bacısı (qardaşı) vəzifəsində çalışan orta tibb işçisi
790,00 manat
Kiçik tibb işçiləri (heyəti)
Reanimasiya şöbəsi və Cərrahiyyə şöbəsinin Əməliyyatxana bölməsində çalışan kiçik tibb işçiləri
60,00 manat
Cərrahiyyə, Doğum və Ginekologiya, Fizioterapiya, Hemodializ, Ailə Sağlamlıq Mərkəzi, Laboratoriya, Uşaq, Poliklinika, Radiologiya, Terapiya, şöbələri, Yoluxucu xəstəliklər və Vərəm şöbələrində stasionar xidmət göstərən Nevroloji Sanatoriya və Sanatoriya-Kurort tipli bölümlər, Adminstrativ və Qeyri-tibb bölümlərində çalışan kiçik tibb işçiləri
40,00 manat
Baş təsərrüfat bacısı (qardaşı) vəzifəsində çalışan kiçik tibb işçisi
210,00 manat
Əlavə olaraq, kənd və qəsəbələrdə yaşayış yerindən uzaq məsafədə çalışan orta və kiçik tibb işçilərinə sabit əlavələr də ödənilir.
Təcili və təxirəsalınmaz tibbi yardım stansiyalarının (bölmələrinin) rəhbərlərinin, dispetçerlərinin, orta və kiçik tibb heyəti işçilərinin və sürücülərinin, qan və onun komponentlərini, habelə sümük iliyini tədarük və emal edən və dondurulmuş halda saxlanılması ilə məşğul olan müəssisələrin (şöbə və bölmələrin) işçilərinin aylıq vəzifə (tarif) maaşlarına əməyin ödənilməsi dərəcələrinə uyğun olaraq sabit həvəsləndirici əlavələr verilir.
Tibb müəssisələrinin bilavasitə cərrahlıq, reanimasiya, mamalıq, ginekologiya və təcili yardım sahələrində (bölmə, şöbə, stansiya, kabinet və s.) gecə işlərinə cəlb edilən orta və kiçik tibb heyəti işçilərinə gecə vaxtında yerinə yetirilən işin hər saatına görə saatlıq vəzifə (tarif) maaşının 50 faizi (təcili yardım sahəsinə münasibətdə həmçinin Qaydanın 17.4-cü bəndində göstərilən sabit həvəsləndirici əlavələrin 35 faizi miqdarında), digər işçilərinə isə vəzifə (tarif) maaşının 35 faizi miqdarında əlavə haqq ödənilir.
Sağlamlıq üçün təhlükəli və ağır olan əmək şəraitinə görə bir qrup səhiyyə işçisinə hər ay vəzifə (tarif) maaşının 15 faizi, xüsusilə təhlükəli və xüsusilə ağır olan əmək şəraitinə görə hər ay vəzifə (tarif) maaşının 20 faizi, insanın immunçatışmazlığı sindromu və ya insanın immunçatışmazlığı virusu ilə əlaqəli əmək şəraitinə görə isə hər ay vəzifə (tarif) maaşının 60 faizi miqdarında əlavə haqq verilir.
Qeyri-tibb işçilərinin aylıq vəzifə (tarif) maaşlarına tətbiq edilən həvəsləndirici əlavələrin məbləğləri bilavasitə tibb müəssisəsinin fəaliyyətinin göstəricilərindən asılı olaraq müəyyənləşdirilir. Bu məqsədlə tibb müəssisələri müəyyən edilmiş meyarlar əsasında qiymətləndirilir. Qiymətləndirmə meyarları 3 qrupda birləşir:
Xəstəxana strukturuna görə - maksimal bal 30-dur (yekun bal bu qrupda olan meyarlar üzrə toplanılan balların 2-yə nisbəti ilə müəyyən edilir);
Tibbi-statistik göstəricilərə görə - maksimal bal 40-dır (yekun bal bu qrupda olan meyarların hər biri üzrə verilən balların cəminə bərabərdir);
İnzibati idarəetmə fəaliyyətinə görə - maksimal bal 30-dur (yekun bal bu qrupda olan meyarların hər biri üzrə verilən balların cəminə bərabərdir).
Qiymətləndirmə nəticəsində tibb müəssisələri 3 qrupa (2-ci və 3-cü qruplar isə öz növbəsində iki kateqoriyaya – A və B kateqoriyasına) bölünürlər:
1-ci qrup – 30 bal daxil olmaqla 30 bal toplayan müəssisələr
2-ci qrup – 31-60 bal toplayan müəssisələr
A kateqoriya – 46-60 bal toplayan müəssisələr
B kateqoriya – 31-45 bal toplayan müəssisələr
3-cü qrup – 61 baldan yuxarı toplayan müəssisələr
A kateqoriya – 81 baldan çox toplayan müəssisələr
B kateqoriya - 61-80 bal toplayan müəssisələr
Qeyri-tibb işçilərinin aylıq vəzifə (tarif) maaşlarına tətbiq edilən aylıq həvəsləndirici əlavələr onların çalışdıqları tibb müəssisəsinin aid olduğu qrup və kateqoriyadan asılı olaraq tənzimlənir. Qeyri-tibb işçilərinə verilən aylıq həvəsləndirici əlavələrin məbləği ilə Qaydadan tanış ola bilərsiniz.