TƏBİB-in tabeliyindəki müəssisələrdə çalışan orta, kiçik tibb və qeyri-tibb işçilərinin əməkhaqlarına əlavələr tətbiq ediləcək
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ““Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” (TƏBİB) publik hüquqi şəxsin tabeliyindəki tibb müəssisələrində çalışan səhiyyə işçilərinin əməyinin ödənilməsi sistemi haqqında” Qaydanı təsdiq edib. Qaydaya əsasən tibb işçisinin əməkhaqqına tutduğu vəzifədən, stajından və xidməti fəaliyyətinin qiymətləndirilməsindən asılı olaraq müəyyən edilən vəzifə (tarif) maaşı, əmək şəraitinə görə ödənilən əlavələr, həvəsləndirici əlavələr və Əmək Məcəlləsində nəzərdə tutulmuş digər ödənişlər daxildir.
Agentliyin marketinq və ictimaiyyətlə əlaqələr departamentindən AZƏRTAC-a bildirilib ki, orta və kiçik tibb işçilərinin göstərdikləri xidmətlərin xüsusiyyətləri nəzərə alınaraq, onların aylıq vəzifə (tarif) maaşlarına tətbiq edilən həvəsləndirici əlavələr tutduqları vəzifələrdən asılı olaraq sabit əlavələr şəklində təyin olunur.