Gürcüstanda uşaqlar arasında virus tüğyan edir: Hər gün azı 100 xəstə...
M.İaşvili adına mərkəzi uşaq xəstəxanasına vurislu infeksiyalarla yoluxanların müraciəti artıb, sutka ərzində buraya azı 100 xəstə daxil olur.
Sputnik Gürcüstan bildirir ki, bu barədə Birinci kanal məlumat yayıb.
Klinikadan qeyd olunub ki, hazırkı mərhələdə əsasən B tipli virus daha çox yayılıb. O, A tipinə nisbətən daha yüngül keçirilir.
"Dekabrın birinci yarısından etibarən virus infeksiyalarına yoluxanların müraciəti xeyli artıb. Əsasən, laborator müayinələr B tipli virusu aşkarlayır. Biz bütün pasiyentlərə kömək etmək üçün maksimal səy göstəririk, buna da hazırıq. Yerlərimiz də yetərincədir", - təcili yardım həkimi Tamar Kikişvili bildirib.
Gürcüstan İctimai Sağlamlıq və Xəstəliklərə Nəzarət Mərkəzinin məlumatına görə, hazırda qrip və qripə bənzər xəstəliklərə yoluxma göstəricisi 100 min nəfərə 312 haldır. Ötən il bu göstərici 100 min nəfərə 277 hal idi.
Yüz min nəfərə 450-500 virusa yoluxma halı qeydə alınanda bu, artıq epidemiya sayılır.
Ötən ilin dekabr-yanvar aylarında Gürcüstanda "donuz qripi" - H1N1 virusu tüğyan edirdi. Həmin virusdan 22 nəfər dünyasını dəyişib.
Son vaxtlarda "donuz qripi"ndən qonşu ölkədə 2 nəfər ölüb. Hər iki halda insanlarda xroniki xəstəliklərin olduğu və onların qrip əleyhinə peyvənd edilmədikləri qeyd olunur.