sehiyye.info

Gürcüstan istiqamətindən qapının ağzını kəsdirən bəla: Vəziyyət hələ kritik deyil

Gürcüstan istiqamətindən qapının ağzını kəsdirən bəla: Vəziyyət hələ kritik deyil
“Son vaxtlar isə Rusiya və Türkiyədə İİV-ə yoluxan azərbaycanlılar daha çoxdur. Gürcüstanla bağlı hələlik ciddi təhlükə yoxdur”

Gürcüstanda Qazanılmış İmmun Çatışmazlığı Sindromuna (QİÇS) yoluxma faizi artıb. Bu barədə Gürcüstanın İnfeksiya Patologiyası, QİÇS və Kliniki İmmunologiya üzrə Elmi-Praktik Mərkəzindən bildirilib.


Qurumun xəbərində qeyd edilir ki, ölkədə QİÇS-lə bağlı 570 yeni hal qeydə alınıb. Hazırda Gürcüstanda bu infeksion xəstəliyə yoluxanların ümumi sayı 8004 nəfər təşkil edib ki, onların da 43-ü uşaqdır. Xəstəliyə yoluxanların 6006-sı kişi, 1998-i isə qadındır. Həmin şəxslərin böyük əksəriyyətini 29-39 yaş qrupuna daxil olan şəxslər təşkil edir. QİÇS 4184 xəstədə inkişaf edib, 1619 nəfər isə ölüb. HİV infeksiyasına yoluxma hallarının böyük əksəriyyəti (2956 fakt) paytaxt Tbilisidə qeydə alınıb. Onlardan 87-si xarici ölkə vətəndaşıdır. Azərbaycanlıların yığcam yaşadığı Kvemo Kartli bölgəsində 452 nəfər QİÇS daşıyıcısıdır.

Qeyd edək ki, Gürcüstan Azərbaycan vətəndaşlarının gediş-gəlişinin intensiv olduğu ölkələrdəndir. Əgər Gürcüstanda xeyli sayda azərbaycanlı yaşadığını, üstəlik onların ölkəmizlə sıx əlaqədə olduğunu nəzərə alsaq, QİÇS təhlükəsinin qapımızın ağzını kəsdirdiyini də deyə bilərik. Bəs görəsən, Gürcüstanda QİÇS-ə yoluxanların sayı ölkəmizdə də İİV-ə yoluxma sayını artıra bilərmi?

Minlərlə QİÇS xəstəsinin məlumatları oğurlandı>>

QİÇS-lə Mübarizə Mərkəzinin Epidemioloji nəzarət və profilaktika şöbəsinin müdiri Afət Nəzərli Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, Gürcüstandan ölkəmizə İİV-lə bağlı ciddi təhlükə gözlənilmir: "Xaricdən İİV-ə yoluxma əsasən Rusiya, Ukrayna və Türkiyədən gələn miqrantlar arasındadır. Miqrasiya yolu ilə İİV-ə yoluxanlara əsasən Rusiya və Ukraynada olan azərbaycanlılar arasında rast gəlinir. Son vaxtlar isə Rusiya və Türkiyədə İİV-ə yoluxan azərbaycanlılar daha çoxdur. Gürcüstanla bağlı hələlik ciddi təhlükə yoxdur".

A.Nəzərli deyib ki, hazırda Azərbaycanda İİV-ə yoluxanların nə qədərinin miqrant olduğu barədə məlumat yoxdur. Çünki ölkəmizdə İİV-ə yoluxan miqrantların ayrıca qeydiyyatı aparılmır: "Biz söhbət zamanı onlardan öyrənirik ki, bu virusa Rusiya, Ukrayna və Türkiyədə cinsi yolla yoluxublar. Burada isə gəlib öz cinsi partnyorlarını yoluxdururlar".


"Hüquqi İnkişaf və Demokratiya İctimai Birliyi"nin sədri Zülfiyyə Mustafayeva da Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, Gürcüstanda QİÇS-ə yoluxmaya görə vəziyyət kritik həddə deyil: "Gürcüstan İİV-in yayılmasına görə epidemik ölkə sayılmır. Bu gün azərbaycanlıların ən sıx gedib-gəldiyi ölkə Rusiya və Ukraynadır. Ukraynada İİV-ə yoluxma 2 faizə yaxınlaşır. Bu ölkələrdə epidemik vəziyyət İİV-lə bağlı gərgindir. İran İslam Respublikası da İİV-ə yoluxmaya görə epidemik ölkə sayılır. Amma İran qapalı ölkə olduğundan İİV-ə yoluxmanın qiymətləndirilməsi çətindir".

Qeyd edək ki, Gürcüstanda QİÇS-ə ilk yoluxma halı 1989-cu ildə qeydə alınıb. Qonşu ölkədə QİÇS-dən test müayinəsi və vətəndaşların müalicəsi ödənişsiz həyata keçirilir.Sputnik.az




REKLAM