Allergiya orqanizminin hər hansı bir maddəyə qarşı verdiyi cavab reaksiyasıdır
Dəridə qıcıq, üz nahiyəsində şiş, qırmızı səpgilər, gözlərdə qaşınma, burun tutulması və s. kimi hallar allergiya əlaməti sayılır. Kimi toz, kimi dərman, kimi də Günəş şüasından təsirlənir. Mütəxəssislər bildirirlər ki, allergiyanın yaranması insan orqanizminin hər hansı bir maddəyə qarşı verdiyi cavab reaksiyasıdır.
Sehiyye.info bildirir ki, Uşaq Bərpa Müalicə Mərkəzinin həkim-allerqoloqu Pərvanə Hüseynova bu barədə AZƏRTAC-a deyib: "Genetik meyllilik olanlarda allergik xəstəliklərə daha çox rast gəlinir. Allergen deyəndə məişət, ağac, bitki tozcuqları, havada uçan kimyəvi tərkibli aerozollar və kimyəvi maddələr, eləcə də qida və dərman mənşəli allergenlər orqanizmə daxil olaraq bədənin istənilən yerində allergik reaksiya yarada bilər".
Allergen maddələr orqanizmə dəri, tənəffüs və hava yolları vasitəsilə keçir. Onun əlamətləri isə müxtəlifdir. Tənəffüs orqanlarında allergenlər burun tutulması, burunda qaşınma, qıcıqlanma, çoxsaylı asqırmalar, burun axması, təngnəfəslik, boğulma hissi, gözlərdə qızarma, sulanma, dəridə qaşınmalarla müşahidə olunan səpgilərlə xarakterizə olunur. Bəzi hallarda mədə-bağırsaq sistemində pozulmalar, qarın ağrıları, ishal kimi əlamətlər də əmələ gələ bilər. Allergiyanın mövsümü xarakter daşıması və ya ilboyu davam etməsi də mümkündür.
"Allergiyanın ən ağır forması Kvinke ödemidir. Kvinke ödemi dərialtı nahiyədə histominlərin yığılmasıdır. Bu zaman dodaqlar, göz qapaqları, qulaqlar şişir. Ən pis variant odur ki, bronxların selikli qişası da şişir və vaxtında tibbi yardım göstərilməsə bu, ölümlə nəticələnə bilər",- deyə həkim-allerqoloq bildirib.
Allergiya tam müalicə olunmasa da, onu vaxtında müalicə edib allergen təsir göstərən vasitələrdən uzaqlaşmaq olar. Bunun üçün allergen-test adlanan analiz növündən istifadə etmək kifayətdir. Həmin üsulla allergiya yaradan qida və dərmanları müəyyən etmək olar.Sfera.az