sehiyye.info

Çin Elmlər Akademiyası Azərbaycan Tibb Universiteti ilə əməkdaşlıq etmək niyyətindədir

Çin Elmlər Akademiyası Azərbaycan Tibb Universiteti ilə əməkdaşlıq etmək niyyətindədir
Çin Xalq Respublikasının Elmlər Akademiyasının nümayəndə heyəti ölkəmizə səfəri çərçivəsində Azərbaycan Tibb Universitetində (ATU) qonaq olub. Çin Elmlər Akademiyasının vitse-prezidenti, professor Vanq Engenin başçılıq etdiyi nümayəndə heyəti ilə universitetin rəhbərliyi arasında görüş keçirilib.

Sehiyye.info xəbər verir ki,Universitetin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, ATU-nun müalicə və tədris işləri üzrə prorektoru, professor Sabir Əliyev görüşdə ölkəmizin tarixi, sosial-iqtisadi durumu, təhsillə bağlı həyata keçirilən islahatlar və digər önəmli məsələlər haqqında qonaqlara məlumat verib. Tanışlıq xarakteri daşıyan görüş zamanı, həmçinin Tibb Universitetinin yaradılması, fəaliyyəti, mövcud tədris və təhsil sistemi, beynəlxalq əlaqələr barədə ətraflı məlumat çinli alimlərin diqqətinə çatdırılıb. Qeyd edilib ki, 8 minə yaxın tələbəsi olan ATU-da tədris 3 dildə aparılır. Burada 25 ölkədən tələbə təhsil alır. 1300-dən çox pedaqoji kadrı olan universitetdə 60 elmlər doktoru, 850 elmlər namizədi, 120 professor və 324 dosent çalışır.

Vanq Enge vurğulayıb ki, səfərin məqsədi təcrübə mübadiləsi aparmaq, həmçinin birgə layihələrin reallaşdırılması imkanlarını araşdırmaqdır. Professor yaxın vaxtlarda Çin Elmlər Akademiyasının Fizika İnstitutunun nəzdində əczaçılıq mərkəzinin yaradıldığını qeyd edib. O, həmin mərkəzin işinin təkmilləşdirilməsi, fəaliyyətinin daha səmərəli qurulması üçün ATU ilə əməkdaşlığın təməlinin qoyulmasının tərəfdarı olduğunu bildirib. V.Enge Azərbaycanın müalicəvi bitkilərlə zəngin olduğunu nəzərə alaraq ATU ilə əməkdaşlığın böyük fayda verəcəyindən əminliyini ifadə edib.

Görüşdə birgə əməkdaşlığın ilkin istiqamətləri müəyyənləşdirilib, birgə sazişin imzalanması ilə bağlı razılıq əldə olunub.



REKLAM