Qurban ətini neçə yerə bölüb paylamaq lazımdır?
Sehiyye.info Qurban bayramının vacib olan adət ənənənələrindən biri olan qurbanlıq ətin necə paylanması barədə sizə məlumat verir.
Qurban - bayram günü və təşriq günləri (bayram günündən sonra üç gün) kəsilir. İmkanı olan insanın qurban kəsməsi vacibdir. Peyğəmbər (salləllahu aleyhi və səlləm) buyurub: "İmkanı ola-ola qurban kəsməyən bizim namazgaha gəlməsin". (İbn Məcəh, 3123).
Qurban - bayram namazından sonra kəsilməlidir. Çünki, Peyğəmbərimiz (salləllahu aleyhi və səlləm) demişdir: "Kim qurbanını bayram namazından öncə kəsibsə, onun yerinə birini də kəssin. Kim qurbanını kəsməyibsə, indi kəssin". (əl-Buxari, 5562).
Qurban yalnız inək, qoyun (keçi də qoyun fəslinə aiddir) və dəvədən olur. Uca Allah buyurur: "Biz hər bir ümmət üçün qurbangah müəyyən etdik ki, Allahın onlara ruzi olaraq verdiyi heyvanları qurban kəsərkən Allahın adını çəksinlər". (əl-Həcc, 34).
Dəvə kəsmək üçün on nəfər, inək kəsmək üçün isə yeddi nəfər şərik ola bilər. Qoyun kəsməkdə şərik olmaq olmaz, onu ancaq bir nəfər özünün və ailəsinin adından kəsə bilər.
Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: "Dörd cür heyvan qurbanlığa yaramaz: Bir gözü açıq-aşkar kor olan, xəstəliyi aydın bilinən, axsaqlığı aşkar görünən və qıçı sınıb ağlını itirmiş gəzə bilməyən heyvan". (İbn Məcəh, 3144).
Yuxarıda qurbanlığa icazə verilən heyvanı "Bismilləh, Allahu Əkbər" (Allahın adı ilə, Allah ən Böyükdür) deyib kəsmək lazımdır. Heyvanın ətinin bir qismini ailəniz üçün, qalan hissəsini isə qurban kəsə bilməyən yoxsul insanlara paylaya bilərsiniz. Qurban ətini bölüşdürməkdə sərbəstsiniz və istənilən hissəsini pay verə bilərsiniz.