Yayda balıq yemək olarmı?
Yay mövsümünün gəlişi ilə əlaqədar olaraq Gəncə Şəhər Baytarlıq İdarəsi şəhərin balıq bazarına nəzarəti daha da gücləndirib.
Baytar həkimlər isti havalarda tez xarab olan məhsul sayılan balıq alarkən alıcılara diqqətli olmağı məsləhət görürlər.
Tərkibində zülal, yağ, vitaminlər və digər bioloji fəal maddələr olan balıq və balıq məhsulları insanların sağlam qidalanmasında xüsusi əhəmiyyətə malikdir. Balığın insan sağlamlığı üçün çox xeyirli qida olmasına baxmayaraq yayda istinin təsirindən tez xarab olduğu üçün təhlükəli hesab edilir. Bu səbəbdən də balıq alarkən diqqətli olmaq, onun istifadəyə yararlılıq müddətinə, saxlanılma qaydasına fikir vermək lazımdır.
Bayandur Rzayev - Gəncə Şəhər Baytarlıq İdarəsinin rəisi: "İlk növbədə balığın xarici görünüşünə nəzər yetirmək lazımdır. Balığa toxunduqda onun səthi tez hamarlanmalıdır, daha sonra balığın qəlsəmələrinə baxmaq lazımdır. Əgər tünd qırmızı rəngdədirsə, onda balıq təzədir. Qəlsəmədə solğun qırmızı rənglər aşkar edilərsə, deməli, məhsul köhnədir".
Yayda balığa olan tələbat nisbətən azalsa da, satışda təzə və ya dondurulmuş, diri, hisəverilmiş, qaxac edilmiş, duzlu balıq, balıq konservləri və digər dəniz məhsullarına rast gəlmək mümkün olur.
Aqil Abdullayev - satıcı: "Balığın satışı azalıb, ancaq buna baxmayaraq məhsullarımız təzə olur. Hovuzda diri balıqları saxlayırıq və oradan satışını həyata keçirik. Soyuducumuz da var, orada da saxlayırıq.
Alcılar da mövsümlə əlaqədar olaraq satış məntəqələrində balıq məhsullarını azaldıqlarını bildirsələr də isti havalarda bu məhsulu qida rasionuna əlavə edənlər də az deyil.
Elnarə Məmmədova - alıcı: "Yay mövsümü olmasına baxmayaraq mən balıq məhsullarından tez-tez alıram. Balığın marketlərdə saxlanılması daha yaxşıdır, nəinki bazarlarda".
Keyfiyyətsiz balıq və balıq məhsullarının satışı insan sağlamlığı üçün ciddi fəsadlar yarada bilər. Bunun baş verməməsi üçün balığın keyfiyyətinə, saxlanma şəraiti və müddətinə xüsusi fikir verilməlidir. Buna həm alıcılar, həm də satıcılar ciddi riayət etməlidirlər./Saglamolun.az