sehiyye.info

Qlütenə qarşı dözümsüzlüyə qadınlar arasında daha çox rast gəlinir

Qlütenə qarşı dözümsüzlüyə qadınlar arasında daha çox rast gəlinir
Qlüten və ya onun fraksiyası qliadin dənli bitkilərin, buğda, arpa, çovdar, yulafın yüksəkmolekullu proteinidir. Qlüten unun çörəkbişirmə xassələrini səciyyələndirən əsas amildir. Belə ki, qlüten sayəsində xəmir elastik və yumşaq olur, yaxşı köpür. Yer kürəsində hər 150 insandan birində qlütenə qarşı dözümsüzlük var. Qlütenə qarşı dözümsüzlük seliakiya, çölyak xəstəliyi, qlüten enteropatiyası adlanır. Çölyak xəstəliyinə səbəb nazik bağırsağın selikli qişasında qlütenparçalayıcı fermentin az əmələ gəlməsi və ya anadangəlmə olmamasıdır. Həyatın müxtəlif mərhələlərində qlütenə qarşı dözümsüzlük aşkarlana bilər. Xüsusilə körpələrdə klassik kliniki simptomlar 4-8 ayından etibarən özünü göstərə bilər. Bu əsasən ana südündən digər qidalanmalara, sıyıqlara keçdikdə qeydə alınır. Xəstəlik yorğunluq, zəiflik, qarın nahiyəsində ağrılar, ishal, qəbizlik və ya hər ikisinin bir biri ilə növbələşməsi, uşaqlarda boyun inkişafdan qalması, osteoporoz, dəri xəstəlikləri, dəmir və fol turşusu defisiti anemiyalar müşahidə oluna bilər. Bu əlamətlər qeydə alındıqda mütləq həkimə müraciət etmək lazımdır.

Qlüten həssaslığı irsi-genetik yolla ötürülür və autoimmun xəstəliklər qrupuna aiddir. Bu xəstəliyə qadınlar arasında daha çox rast gəlinir. Bəzən seliakiya xəstəliyi uzun müddət gizli qalır, lakin stressdən və virus infeksiyalarından sonra aqressivləşir və üzə çıxır.

Sehiyye.info AZƏRTAC -a istinadən xəbər verir ki, bu barədə Mərkəzi Neftçilər Xəstəxanasının həkim-terapevti Billurə Həsənova məlumat verib.

Həkim-terapevt bildirib ki, xəstəliyin diaqnostikası spesifik immunoloji analizlər və biopsiya nəticəsində qoyulur. Sağlam insanlarda un məmulatları normal mənimsənildiyi halda çölyak xəstələrində qlütenin təsirindən nazik bağırsaqda immun reaksiyalarının yaranması səbəbindən bağırsaq epiteli zədələnir, selikli qişa hamarlaşır və nəticədə qida maddələrinin sorulması pozulur. Qlüten həssaslığı olanlarda onun milliqramla miqdarı belə dözümsüzlüyə, autoimmun proseslərin yaranmasına və bağırsaq iltihabına səbəb olur. İrəliləmiş hallarda isə iltihab nazik bağırsağı tam əhatə edə bilər. Nazik bağırsaq orqanizmdə çox vacib elementlərin sorulmasında iştirak edən selikli qişaya malikdir. Bu xəstələrdə selikli qişanın tamlığı pozulduğu üçün dəmir və fol defisitləri və anemiyalar, mikroelementlərin çatışmazlığı, kalsium, maqnezium itkisi olduğu səbəbindən osteoporozlar, döş qəfəsində ağrılar, çanaq nahiyəsində, sümüklərdə ağrı, deformasiyalar müşahidə olunur. Hətta nevroloji xəstəliklər, apatiyalar, depressiyalar, əsəbilik, o cümlədən şizofreniya da yarana bilər. Onu demək olar ki, bu dözümsüzlük nəticəsində irəliləmiş hallarda daha çətin bərpa olunan proseslər baş verir.

Mütəxəssis, həmçinin deyib: “Xəstəliyin müalicəsində ilk addım pəhriz saxlamaqdır. Pəhriz zamanı qida rasionundan buğda, çovdar, arpa və yulaf, mayonez, ketçup, hazır souslar çıxarılmalıdır. Qarğıdalı unundan, kartof, soyadan hazırlanmış məhsullar, o cümlədən ət məhsulları istənilən şəkildə istifadə oluna bilər. Yalnız suxarı ununa batırılmış ət məhsulları istisna edilməlidir. Şorbalara un məhsulları qatılmamalı, şirniyyatlar qlütensiz olmalıdırlar.

İnsanlar qlütensiz qidalanma ilə bağlı maarifləndirilməlidirlər. Hazırda inkişaf etmiş ölkələrdə, o cümlədən Azərbaycanda supermarketlərdə qlütensiz qida adlanan şöbələr var. Qlütensiz qidaların qablaşdırmalarında buğda şəklinin üzərindən xətt çəkilir və ya “free gluten” yazılır”.



REKLAM