sehiyye.info

Başın ağrısı və səbəbləri

Başın ağrısı və səbəbləri
Hər bir insan həyatında heç olmasa bir dəfə də olsa, baş ağrısından əziyyət çəkib. Baş ağrısı çox vaxt stress və gərginlik nəticəsində yaransa da, ağır xəstəliyin simptomu da ola bilər. Statistikaya görə, insanların 60-70 faizi baş ağrılarından əziyyət çəkir. Baş ağrıları insanların əhval-ruhiyyəsi, hiss və emosiyaları, problemləri, fikirləri, rejimsiz qidalanmaları və digər faktorlarla bağlıdır.

Sadəcə, baş ağrıları bəzi adamlarda nadir hallarda, bəzilərində isə tez-tez baş verir. Baş ağrıları səbəbindən asılı olaraq müxtəlif olur və şiddətinə görə də fərqlənir. Bu ağrılar xroniki hal da ala bilər. Ona görə də ağrıya dözmək yox, onunla mübarizə aparmaq məsləhətdir. Baş ağrıları zamanı istifadə olunan dərmanlar müəyyən dərəcədə kömək edir. Lakin dərmandan uzunmüddətli istifadə böyrək və qaraciyər zədələnmələrinə gətirib çıxara bilər.

Baş ağrılarının səbəbləri arasında stress, yorğunluq və gərginliyi xüsusilə qeyd edib. Bu zaman ağrı başın yuxarı hissəsində yaranır. Baş ağrısından əlavə sifət və boyun əzələlərində də gərginlik hiss olunur: "Lakin bu tip ağrılar qısa müddətlidir və xroniki hal almır. Ağrıkəsicilər çox asanlıqla belə ağrıların öhdəsindən gəlir. Baş ağrıları spirtli içkilərin qəbulundan sonra, xüsusilə ertəsi gün baş verir. Bundan başqa, təzyiq, rejimsiz həyat tərzi, müxtəlif xəstəliklər də baş ağrısını qıcıqlandıra bilər".

Ümumiyyətlə, baş ağrıları müxtəlifdir və onlardan ən şiddətlisi miqrendir: "Miqren başın bir hissəsini əhatə edən baş ağrılarıdır. Miqren insanda möhkəm narahatlıq yaradır və ürəkbulanma, qusma, səs-küyə qarşı dözümsüzlük, işıqdan qorxma kimi əlamətlərlə müşahidə olunur. Ağrılar bir neçə dəqiqədən bir neçə günə kimi davam edə bilər. Bəzi hallarda isə miqren görmə qabiliyyətinin zəifləməsinə, hətta iflicə də səbəb olur".

Bu xəstəlik kişilərə nisbətən qadınlarda daha çox rast gəlinir. Belə ki, kişilərdə hormonal fon stabildir, qadınlarda isə daim dəyişir. Həm də qadınlar genetik olaraq miqrenə daha meyllidirlər.

Miqrendən yaxa qurtarmaq üçün stresdən uzaq olmaq, yaxşı istirahət etmək və yatmaq vacibdir.

Baş ağrıları müxtəlif xəstəliklər, məsələn, qaymorit, meningit, beyində şişlərə görə də ola bilər. Bu səbəbdən də baş ağrısına qarşı səhlənkar yanaşmaq olmaz: "Yaxşı olar ki, baş ağrılarından əziyyət çəkən adam həkimə gedib müayinədən keçsin. Həm də xəstəliklər üzündən yaranan baş ağrıları yalnız həmin xəstəliklər müalicə olunduqdan sonra keçir və ya azalır".


Ümumiyyətlə, baş ağrılarından qorunmaq üçün bəzi məhsulların qəbulundan imtina etmək lazımdır. Ağrılara hisə verilmiş ət, şokolad, spirtli içki, cəld yeməklər də səbəb ola bilər. Mayenin az miqdarda qəbulu da baş ağrılarını qıcıqlandıra bilər. Bu səbəbdən də maye çox qəbul etmək, xüsusilə də yayda hər saat su içmək lazımdır. Kimyəvi qarışıqları olan sulardan isə yan keçmək, təbii şirələrə, mineral sulara üstünlük vermək lazımdır. Bundan başqa, yeməklər arasında uzun fasilələr və ya səhər yeməyini yeməmək də baş ağrısını yarada bilər: "Əgər miqrenə meyllilik varsa, hər gün eyni vaxtda yeməyə çalışın. Həm də gündəlik düzgün rejimin gözlənilməsi nəinki baş ağrısı hallarını minimuma endirər, eləcə də sağlamlığa müsbət təsir göstərər və immun sistemini möhkəmləndirər. Rejimin, şəraitin dəyişməsi, əsəbilik, gərginlik, hətta havanın dəyişməsi də baş ağrılarını yarada bilər".
Ümumiyyətlə, ilk baxışdan baş ağrıları təhlükəli görünməsə də, fəsadları ağır ola bilər. Bu səbəbdən də daha diqqətli olmalı və həkimə vaxtında müraciət etmək vacibdir.



REKLAM