sehiyye.info

“180 min xərclədim, uşağım 90 kq-dan 20-yə düşdü…” - “Medera Hospital”dan ŞİKAYƏT

“180 min xərclədim, uşağım 90 kq-dan 20-yə düşdü…” - “Medera Hospital”dan ŞİKAYƏT
“16 yaşlı oğlum Ümüd keçən ilin noyabrında avtomobillə vurulub. “Medera Hospital”da həkim səhlənkarlığından uşağımı ölümcül vəziyyətə salıblar. Nəfəs borusu və qida borusunun arası yırtılıb, 7 aydır ki, boğazından bir qurtum su da keçmir. Uşaq 90 kq çəkidən 20 kq-a düşüb. İndi də heç nə etmirlər, deyirlər, apar evə nə qədər ömrü var yaşasın...”
Sehiyye.info xəbər verir ki, bu şikayətlə “Qafqazinfo”ya 16 yaşlı Ümüdün anası Qızılgül Quliyeva müraciət edib.
Onun sözlərinə görə, övladı ötən il noyabrın 24-də yol qəzasına düşüb. Uşağı Kliniki Tibbi Mərkəzə (Semaşkoya) çatdırıblar. Sonra isə özəl klinikaya yerləşdirilib:
“Mənə zəng elədilər, tez özümü Kliniki Tibbi Mərkəzə çatdırdım. Dedilər ki, uşağı özəl xəstəxanaya apar, həyatı qurtarsın. Bütün xəstəxanalara zəng vurdum, “Medera Hospital”dan cavab verdilər. Bildirdilər ki, adam göndəririk, xəstənin vəziyyətinə baxılsın, çox ağır olmasa, stabil olsa, xəstəxanaya qəbul edərik. 3 min manat depozitlə oğlumu ora yerləşdirdilər.
Əvvəlcə uşaq yaxşıdır desələr də, səhəri gün əməliyyat olunmalı olduğunu açıqladılar. Həkimlər Tural Hacımirzəyev və Kahraman Seyfi tərəfindən başından əməliyyat olundu, beyin qapağını qarnına tikdilər. Sonradan o qapaq da orada irinlədi. Daha sonra dedilər ki, uşaq özü nəfəs alır, amma birdən tibb bacılarının başı qarışar, uşaqda boğulma ola bilər. Ona görə də qabaqlayıcı tədbir kimi bir həftəlik nəfəs borusunu deşirik. Tural həkim necə zərbə ilə açıbsa, uşağın nəfəs borusu və qida borusunun arasını yırtıb və uşağı ölümcül vəziyyətə çatdırıb. Ağzından bir qurtum su keçmir, yoqurtu dilinə sürtürəm, onu belə uda bilmir”.
“180 min xərclədim, uşağım 90 kq-dan 20-yə düşdü…” - “Medera Hospital”dan ŞİKAYƏT
Q. Quliyeva iddia edir ki, klinikadan övladının əməliyyat olunaraq sağalacağına söz versələr də, sonradan əməliyyatdan imtina olunub:
“Paltarıma qədər satıb 180 min manat xəstəxanaya verdim, iki ay uşaqla orada yatdım. Günə 3-5 min min manat pul ödəyirdim. Sonra evə buraxdılar, dedilər evdə müalicə et, gələrsən. Mənə xəstəxanadan söz verdilər ki, biz bu uşağı sağaldacağıq, lazım olsa, Türkiyəyə aparacağıq. Bildirdilər, uşağı başqa xəstəxanada çalışan Arif Ağayev əməliyyat edə bilər. Hətta həkim deyib ki, çox asan əməliyyatdır. 20 gün əvvəl o həkimin yanına getdim, mənə dedi 3 gündən bir 40 min manat pul ödəməlisən. Öncədən də 40 min AZN depozit qoymalısan ki, əməliyyat edək. Əməliyyata da zəmanət vermirəm, yaşamaya da bilər. Sonra isə dedi ki, mən imtina edirəm, əməliyyat etmirəm. Bizi başından elədi.Xəstəxanadan indi də deyirlər ki, qoy nə qədər ömrü var yaşasın, biz uşağı əməliyyat etsək, öləcək...”
Ananın sözlərinə görə, artıq onu xəstəxananın həndəvərinə yaxınlaşmağa qoymurlar:
“Təxminən 15 gün əvvəl yenə getdim, dedilər ki, qoy həkimlərlə danışaq, sabah gələrsən. Səhəri gün gedəndə polislər tərəfindən yaxınlıqdakı polis bölməsinə aparıldım, adımdan izahat aldılar ki, bir də bu xəstəxanaya yaxınlaşmayım, yoxsa həbs olunacağam. Xəstəxanadan deyirlər ki, bizə heç bir şey edə bilməzsən.
...Oğlum idmanla məşğul olurdu, güləşçi idi, 11 yaşında çempion olmuşdu. O cür övladım indi bu vəziyyətdədir. Bu dünyada iki balamdan başqa heç kimim yoxdur. Onun da birini o günə qoydular...”

Problemlə bağlı “Medera Hospital”ın hüquqşünası Xeyransa Babayeva bildirdi ki, keçirilən avtoqəzadan sonra Ümüd xəstəxanaya ağır vəziyyətdə daxil olub:
“Xəstə Əhmədov Ümüd kəllə beyin travması, koma (glaskow 3-4,) süni tənəffüs cihazına bağlı vəziyyətdə “Medera Hospital”ın reanimasiya şöbəsinə ağır vəziyyətdə daxil olmuşdu. Ailəyə bütün yarana biləcək ağırlıq və həyati risk haqqında məlumat verilib və anası Qızılgül xanım ərizə yazaraq bildirib ki, 1% həyatda qalma şansı olduğunu qəbul edirik və lazım olan son tibbi tədbirlərin həyata keçirilməsinə razılığı ailə olaraq veririk. 40 gün klinikada müalicə aldıqdan sonra xəstə kafi vəziyyətdə evə yola salındı”.
Tibb müəssisəsinin nümayəndəsi həmçinin iddia edib ki, Ü. Əhmədovun ailəsi personalı təhdid etdiyi üçün polisə şikayət olunub:
“Dəfələrlə ailənin klinikaya basqını, bıçaqla personalın təhdid edilməsi, ictimai asayişi pozması hospital tərəfindən polisə verilmə və cinayət işinin açılmasına vadar etdi. Hazırda polis tərəfindən araşdırılma aparılır və ictimaiyyətdən əsaslandırılmamış, həqiqəti əks etdirməyən məlumatları yayan şəxslər və mətbuat orqanları barədə gələcəkdə məhkəməyə müraciət etməyimiz üçün əsas olacaq. Ona görə də həqiqətə uyğun olmayan məlumatlar yayımlayarkən və bu barədə fikir bildirərkən diqqətli olmalarını xahiş edirik”.
“180 min xərclədim, uşağım 90 kq-dan 20-yə düşdü…” - “Medera Hospital”dan ŞİKAYƏT



REKLAM