sehiyye.info

Yuxuda qəfil ölüm: bundan necə qaça bilərsiniz? – Həkim

Yuxuda qəfil ölüm: bundan necə qaça bilərsiniz? – Həkim
Çoxları səhər yuxusundan durarkən başağrısı ilə oyanır. Bu problem son illərin ən dəbdə olan narahatlıqlarından birinə çevrilib. Yaşlı nəsildə isə səhər başağrısı yuxuda tənginəfəsliklə də müşahidə olunur. Yuxudaykən nəfəs kəsilir, oyanarkən isə başağrı olur. Maraqlıdır, günün digər saatlarında heç bir halda müşahidə olunmayan bu narahatlığın səbəbi nədir?

Sehiyye.info Axar.aza istinadən xəbər verir ki, nevropatoloq Qalib Əsədovun sözlərinə görə, bu, apnoe sindromudur. Obstruktiv Yuxu Apnoe Sindromu xroniki xoruldayan insanlarda müşahidə edilir. Səbəbləri isə tənəffüs yollarının udlaq səviyyəsində periodik bağlanmasıdır:

“Xəstəliyin əsas simptomu yuxuda vaxtaşırı tənəffüsün 30-40 saniyə ərzində tamamilə kəsilməsidir. Bir gecə ərzində bəzi pasiyentlərdə ümumi müddəti 3-4 saat, sayı 400-500-ə qədər tənəffüsün dayanması epizodları qeydə alınır. Təhlükəni aradan qaldırmaq və tənəffüs yollarını açmaq üçün orqanizm bütün imkanları səfərbər edərək və simpato-adrenal sistemini aktivləşdirərək vəziyyətdən çıxır. Ancaq onun aktivləşməsi ürək vurğularının sayını, arterial təzyiqi və qanın laxtalanmasını artırır. Bununla yanaşı, pasiyentlərin 60-70%-ində yuxu zamanı oksigenin xroniki defisiti yaranır. Nəticədə, belə xəstələrdə miokard infarktının, beyin insultunun, ürək aritmiyalarının riski, hətta qəfil ölüm etimalı xeyli artır”.

Nevropatoloqun sözlərinə görə, beynəlxalq tədqiqatlardan məlumdur ki, Yuxu Apnoe sindromunun ağır forması olan pasiyentlərdə ürək-damar xəstəlikləri ilə bağlı ölüm 8-10 dəfə artır:

“Yuxu Apnoe Sindromunun orta və ağır dərəcəli formalarının ən effektli müalicə metodu CPAP-terapiyadır, yəni gecə yuxusu zamanı daimi müsbət təzyiqlə ağ ciyərlərin yardımçı ventilya üsulu. Xəstədə elə birinci gecə xorultu və tənəffüsün dayanma halları aradan qalxır, qanın oksigenlə təminatı normalizə olunur, yuxunun keyfiyyəti inanılmaz dərəcədə yaxşılaşır. Maksimal effektin alınması üçün müalicə mütamadi olaraq ev şəraitində davam etdirilməlidir. Aşağıda göstərilən tədbirlərlə xorultunu azaltmaq mümkündür:

* Bədən çəkisini azaltmağa çalışın;

* Yuxuya getməzdən 2 saat əvvəl spirtli içki qəbul etməyin, siqaret çəkməyin;

* Yuxuya getməzdən 3-4 saat əvvəl qida qəbul etməyin;

* Yataq otağında hipoallergen mühit yaradın: gülləri və xalçaları yığışdırın, evdə heyvan saxlamayın, müasir təbii və ya sintetik materiallardan hazırlanmış yastıq və yorğandan istifadə edin;

* Gündə 3 dəfə 1-2 saniyə ərzində dilinizi maksimal dərəcədə önə çəkin və bu hərəkəti 30-40 dəfə təkrarlayın”.



REKLAM