sehiyye.info

Azərbaycan Tibb Universitetində mürəkkəb ürək əməliyyatı uğurla nəticələnib

Azərbaycan Tibb Universitetində mürəkkəb ürək əməliyyatı uğurla nəticələnib
Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Terapevtik Klinikasının Ürək Mərkəzində “Mən artıq ürək qüsurlu deyiləm” şüarı altında əməliyyatlar icra olunur. Növbəti belə əməliyyat anadangəlmə ürək qüsurundan - qulaqcıqlararası çəpər defektindən əziyyət çəkən 5 yaşlı oğlan uşağı üzərində həyata keçirilib. Uşaq kardioloqu Elnur İmanov tərəfindən icra edilən əməliyyat uğurla başa çatıb.

Sehiyye.info bildirir ki,bu barədə AZƏRTAC-a universitetin mətbuat xidmətindən məlumat verilib.

Kardioloqun sözlərinə görə, uşağın ürəyindəki qüsur invaziv yolla bağlanılıb. Lakin qulaqcıqlararası çəpərdə anterior rimin yoxluğu səbəbindən əməliyyatın gedişi çətinləşib. Buna baxmayaraq, çətinliklə də olsa, əməliyyat uğurla həyata keçirilib.

E.İmanov qeyd edir ki, anadangəlmə ürək qüsurları dedikdə qapaqlarda, ürəyin divarında və ya damarlarda rast gələn anomaliyalar nəzərdə tutulur. Funksional baxımdan qüsurlar zamanı qan ya patoloji istiqamətdə axır, məsələn, sağdan-sola və ya soldan-sağa, ya da onun normal istiqamətdə axını pozulur. Qüsurlar sianotik və qeyri-sianotik qruplara bölünür.

Anadangəlmə qüsurların təxminən dörddəbiri ilk bir il ərzində müalicə tələb etdiyi üçün kritik qüsurlar adlandırılır. Sianotik, açıq arterial axacaq və aorta daralmaları kritik qüsurlara aiddir. Bundan başqa, hipoplastik sol ürək, fallot tetradası, trunkus arteriosus, total pulmonar venoz dönüşüm anomaliyası, trikuspid atreziya, böyük damarların transpozisiyası, açıq arterial axacaq - Botal axacağı, Ebştein anomaliyası, aorta koarktasiyası, tək mədəcik də kritik qüsurlar sırasındadır. Klinik olaraq sianoz, ürəkdə küy, ürək çatışmazlığı, ürəkgetmə və s. əlamətlərlə özünü göstərir.

Exokardioqrafiya əksər qüsurların diaqnozunu dəqiqləşdirməyə imkan verir. Müalicə üçün endovaskulyar kateter və cərrahi korreksiya, bəzən də ürək transplantasiyası lazım gəlir.



REKLAM