sehiyye.info

Anadangəlmə ürək qüsurlarına erkən mərhələdə müayinə zamanı diaqnoz qoymaq mümkündür

Anadangəlmə ürək qüsurlarına erkən mərhələdə müayinə zamanı diaqnoz qoymaq mümkündür
Azərbaycanda anadangəlmə ürək qüsurları problemi aktual olaraq qalır. Respublikamızın əsasən cənub rayonlarında, ucqar kəndlərində anadangəlmə ürək qüsuru ilə doğulan uşaqlar qeydə alınır. Bunun əsas səbəblərindən biri hamiləliyə düzgün nəzarət olunmaması, vaxtında müayinədən keçməməklə bağlıdır.

Sehiyye.info AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Azərbaycan Tibb universitetinin Tədris Cərrahiyyə Klinikasının ürək kateterizasiyası və angioqrafiya laboratoriyasının müdiri, tibb üzrə fəlsəfə doktoru, invaziv kardioloq Qalib İmanov deyib.

Həkim bildirib ki, anadangəlmə ürək qüsurlarına erkən mərhələdə müayinə zamanı diaqnoz qoymaq mümkündür: “Ürəyindən şikayəti olan xəstələrin heç də hamısı həkimə getmir və ona görə də anadangəlmə qüsuru vaxtında aşkarlamaq mümkün olmur. 20-40 yaşında diaqnoz qoyulan xəstələrimiz də var. Amma xəstəlik nə qədər tez aşkarlansa və müalicə olunsa, bir o qədər effektiv nəticə əldə etmək mümkündür. Hətta bəzi anadangəlmə qüsurları hələ ana bətnində - döl daxilində də görmək olur. Amma körpə anadan olandan sonra bu xəstəlik həyatla uzlaşmadığından uşaq dünyasını dəyişir.

Hazırda diaqnoz ən çox fetal exokardioqrafiya müayinəsi ilə təsdiqlənir. Həmin müayinəni hamiləliyin 18-ci həftəsindən sonra aparmaq mümkündür. Müayinə zamanı bu qüsurun həyatla uzlaşmadığı aşkarlanarsa, onda hamiləlik sonlandırılır. Əgər müalicə olunan qüsurdursa, uşaq doğulanda artıq bilinir ki, xəstədir. Bəzi xəstəliklər yalnız əməliyyat tələb edir. Ona görə də bəzən elə olur ki, uşaq anadan olan kimi təcili - ilk saatlardaca əməliyyata alınır. Buna baxmayaraq, elə qüsurlar var ki, uşağın çəkisi 10 kiloqramı keçəndən sonra əməliyyat oluna bilər. Yaxud, uşaq məktəb yaşına çatandan sonra əməliyyat olunmalıdır. Onu da qeyd edim ki, öz-özünə düzələn, heç müalicə tələb etməyən ürək qüsurları da var”.

Mütəxəssis qeyd edib ki, ürək qüsurlarının bir çoxu əməliyyat tələb etmir. Belə qüsurların əlaməti olmur, onları heç müalicə etmək də lazım deyil. Lakin elə qüsurlar var ki, tamam ayrı yanaşma tələb olunur. Məsələn, əgər uşaqda böyük mədəciklərarası çəpər defekti varsa, o əməliyyat edilməzsə, 20 yaşından sonra cərrahi müdaxilə şansı itir. Xəstə ömrüboyu o qüsurla və əziyyətlə yaşamalı olur. Xəstə uzun müddət əziyyət çəkəndən sonra əməliyyata girmək istəsə də, sağ çıxmır.

“Həkimlərə ən çox təsir edən odur ki, insan bu yaşa qədər ürəyindəki qüsurdan xəbərsiz qala bilər. Bu, xəstənin məsuliyyətsizliyi ilə bağlıdır. Çünki ürəkdə küy adi fonendoskopla da eşidilir. Bu halda xəstəni mütləq EXO müayinəyə göndərirlər. Demək bu yaşacan insanın sinəsinə bir dəfə də olsun fonendoskop qoyulmayıb. Yaxud da həmin şəxs deyilənə əhəmiyyət verməyib. Xəstəmiz vardı ki, 65 yaşına qədər fallo qüsuru ilə - 4 qüsurla yaşayıb”, - deyə həkim diqqətə çatdırıb.

Qalib İmanov vurğulayıb ki, anadangəlmə ürək qüsurları ilə xaricə gedən azərbaycanlı xəstələrin sayı xeyli azalıb. Bunun da səbəbi ölkəmizdə hər cür qüsurların əməliyyat edilməsi və peşəkar həkimlərin olmasıdır. O, Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasında da ürək qüsurlarının effektiv şəkildə müalicə olunduğunu və uğurlu əməliyyatların həyata keçirildiyini diqqətə çatdırıb: “Bəzi sadə qüsurlar - qulaqcıqarası çəpər, açıq botul axacaq, ənzəcik çəpər kimi qüsurlar heç əməliyyat olunmur. Bu qüsurlarda xüsusi cihaz damardan girməklə defekt nahiyəsinə yerləşdirilir. İnsan üzərində kəsik olmur, xəstə klinikada cəmi bir gün yatır, narkoz almır, kəsik çapıq qalmır. Həmin xəstə gələcəkdə həyatını sağlam insan kimi davam etdirir.

Düzdür, ürək əməliyyatları bahalı olsa da, geniş tətbiq edilir. Klinikada indiyə qədər çoxsaylı uğurlu əməliyyatlar edilib. Ən kiçik xəstəmizin 4, ən böyüyünün 55 yaşı olub. Əməkdaşlarımız bir neçə mərkəzdə də əməliyyatlar həyata keçirib, məsləhətçi qismində çıxış edib. İnanıram ki, tibbi sığorta sisteminin tətbiqindən sonra bu əməliyyatları daha çox aparmaq mümkün olacaq”.



REKLAM