Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasında altıbarmaqlı uşaq əməliyyat olunub
Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasında əlində əlavə barmaq olan altı aylıq körpə əməliyyat edilib. Cərrahi müdaxilə uğurla həyata keçirilib.
Sehiyye.info bildirir ki,bu barədə AZƏRTAC-a ATU-nun mətbuat xidmətindən məlumat verilib.
Əməliyyatı aparan uşaq cərrahı Vüqar Məhəmmədovun sözlərinə görə, 6 aylıq körpə polidaktiliya xəstəliyindən əziyyət çəkirdi: “Polidaktiliya əlavə barmaqların olması xəstəliyidir. Körpənin əlində baş barmaq tərəfdə sümük formalı əlavə barmaq var idi. Xəstədə əlavə barmağın çıxarılması üçün cərrahiyyə əməliyyatı aparılıb. Ümumi anesteziya altında yarım saata icra olunan əməliyyat zamanı funksiya göstərməyən barmaq xaric edilib”.
Cərrah bildirib ki, polidaktiliya nadir xəstəlik deyil. Son vaxtlar bu tip diaqnoza mütəmadi olaraq rast gəlinır. Bu problem ana bətnində keçirilmiş virus xəstəlikləri, inkişaf anomaliyaları ilə əlaqədardır.