sehiyye.info

Oksigen çatışmazlığı ən çox sinirləri zədələyir! - SOS

Oksigen çatışmazlığı ən çox sinirləri zədələyir! - SOS
Oksigen çatışmazlığı və ya hipoksiya insanın bütün bədəninə mənfi təsir göstərir, amma bundan ən çox sinir toxumaları əziyyət çəkir. Xəstəlik müxtəlif səbəblərdən baş verə bilər.

Sehiyye.info xəbər verir ki, bu barədə Moskva vilayətinin Səhiyyə Nazirliyinin müstəqil mütəxəssisi Roman Qorenkov danışıb. O, hipoksiyanın nədən yarandığı və onunla mübarizə yolları barədə danışıb.

“Hipoksiya oksigen çatışmazlığı deməkdir. Bu, müxtəlif səbəblərdən baş verir: COVİD-19-da olduğu kimi ağciyərlərin zədələnməsi və ya ürək-damar sistemi xəstəlikləri ilə əlaqələndirilə bilər. Hipoksiya hərəkətsizlik, uzun müddət qapalı yerdə qalma səbəbindən baş verir.

Həmçinin atmosferə zəhərli qazların, xüsusən yanacağın yanması zamanı əmələ gələn dəm qazının emissiyası da buna səbəb ola bilər. Oksigen çatışmazlığı sinir toxumasına təsir etdiyi üçün ilk simptomları tanımaq çətin deyil: zəiflik, yuxululuq, hipotenziya.

Siz nəbz oksimetrindən istifadə edərək doyma səviyyəsinə əsasən hipoksiyanın olub-olmadığını yoxlaya bilərsiniz. Oksigenin 95 faizdən yuxarı olması normaldır, aşağıda olması isə patologiyadır”, - həkim “Sputnik” radiosuna müsahibəsində bildirib.

Mütəxəssis qeyd edib ki, hipoksiyanın qeyri-spesifik əlamətləri də var: zəiflik, yorğunluq, xroniki yorğunluq sindromu, baş ağrıları, başgicəllənmə, gündüz yuxululuğu, dərinin solğunluğu, hipotenziya. Fəqət bu xəstəlik gizli də inkişaf edə bilər.

“Oksigen çatışmazlığının qarşısını almağın əsas yolu otağı, evi və ya ofisləri havalandırmaq, aktiv həyat tərzinə keçmək, gəzinti və qaçış kimi fiziki fəaliyyətlərlə məşğul olmaqdır. Xəstəlik xroniki hal alıbsa, dərman müalicəsi və oksigen terapiyası əlavə olunur”, - Roman Qorenkov yekunlaşdırdı.//publika



REKLAM