Günə yorğun və stressli başlamağımıza səbəb nədir?
Günümüzdə insanlar stress və yuxusuzluqdan əziyyət çəkir. İnformasiya çoxluğu, mobil telefon və planşetlərdən uzun müddət istifadə, müxtəlif kompüter oyunlarına aludəçilik, ətraf mühit faktorları, xroniki xəstəliklərin artması, qeyri- sağlam vərdişlər, sosial və maddi məsələlər ilə bağlı narahatlıqlar stress və yuxusuzluğu yaradan əsas amillərdir.
Sehiyye.info xəbər verir ki,bu sözləri Axar.az-a Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin mütəxəssisi, nevropatoloq Könül İsmayılova deyib.
K.İsmayılova bildirib ki, stress çox zaman yuxunun keyfiyyət və müddətinə təsir göstərir:
“Stress və yuxunun olmaması həm fiziki, həm də ruhi sağlamlığa ciddi təsir göstərir. Mütəxəssislər insanların yaşlarından və digər amillərdən asılı olaraq, gecə 7-9 saat yatmağı tövsiyə edir. CDC-nin bir hesabatına görə, gecə 7 saatdan az yatan zaman insanlarda piylənmə, ürək-damar xəstəlikləri, insult, depressiya və diabet kimi xəstəliklərə tutulma riski artır. Stress və yuxu pozğunluğunun yaranma səbəbləri çoxdur. İlk növbədə bu avtonom sinir sisteminin (ANS) adrenalin və kortizol kimi hormonları buraxmasına səbəb olur. Bu hormonlar qanı həyati orqanlara və əzələlərə daha effektiv şəkildə dövr etmək üçün ürək döyüntüsünü artırır, lazım olduqda bədəni dərhal hərəkətə keçməyə hazırlayır. Bu reaksiya döyüş və ya qaçış reaksiyası kimi tanınır və təkamülün əvvəlki mərhələlərində insanın sağ qalması üçün böyük əhəmiyyət kəsb edib”.
Mütəxəssis nevroloji gərginliklərdən uzaq olmaq üçün düzgün yuxu rejimi və sağlam həyat tərzinin önəmli olduğunu vurğulayıb:
“Balanslı yuxu, zərərli vərdişlərdən uzaq durmaq, sağlam qidalanma, fiziki aktivliyə önəm vermək, sosial şəbəkələr və kompüter oyunlarına az vaxt sərf etmək, sevdiyi peşə üzrə iş fəaliyyəti ilə məşğul olmaq və hobbilərinə vaxt ayırmaq stress və nevrotik hallara müsbət təsir göstərir”.
Nevropotoloq onu da qeyd edib ki, yediyimiz qidalar dolayı yolla , psixoloji gərginlik yarada bilər. Yaz fəslinin gəlişi və günəşli günlərin daha çox olması insanlara stress yox, yüksək ovqat bəxş edir. Bu mövsümdə isə daha çox allergik xəstəliklərin simptomları artır.