sehiyye.info

Depressiv vəziyyət ürək-damar sisteminə mənfi təsir göstərir

Depressiv vəziyyət ürək-damar sisteminə mənfi təsir göstərir
Akademik C.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutu Psixi Sağlamlıq Mərkəzinin birgə təşkilatçılığı ilə “Kardiologiya və psixiatriya: Kardioloji pasiyentlərdə psixi pozuntuların profilaktika, diaqnostika və müalicəsi” mövzusunda elmi-praktik seminar keçirilib. Seminarda respublikanın aparıcı kardioloq, psixoloq, terapevt, nevropatoloq və psixiatrları iştirak ediblər.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, seminarda institutun direktoru, tibb elmləri doktoru Gülnaz Dadaşova və Psixi Sağlamlıq Mərkəzinin direktoru, professor Fuad İsmayılov çıxış ediblər. Onlar insanlarda uzun müddət stress, gərginlik və depressiv vəziyyətlərin olmasının, ilk növbədə, ürək-damar sisteminə mənfi təsir göstərdiyini və insanların ruhi, mənəvi problemlərinin aradan qaldırılmasının vacibliyini diqqətə çatdırıblar.

Sonra institutun psixiatrı “Kardioloji profilli xəstələrdə depressiya və həyəcan simptomlarının erkən aşkarlanması - pilot layihənin nəticələri” mövzusunda məruzə ilə çıxış edib. Eyni zamanda, psixiatrik və ürək dərmanlarının qarşılıqlı əlaqəsi barədə məlumat verilib.

Məruzələrdən sonra mövzu ətrafında müzakirələr aparılaraq, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Elmi-praktik seminarın günün tələbinə uyğun olması, istər kardioloq, istərsə də psixiatrlar üçün böyük əhəmiyyət kəsb etməsi vurğulanıb.



REKLAM