sehiyye.info

Uşaqlarla bağlı risk təşkil edən məqam... - İnfeksionist

Uşaqlarla bağlı risk təşkil edən məqam... - İnfeksionist
Koronavirusa yoluxma sayında və ölüm sayında azalmalar var. Belə ki, yazını hazırladığımız zaman açıqlanan statistik məlumata görə, ölkədə 774 nəfər COVID-19-a yoluxub. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 12 nəfər vəfat edib.

Artıq orta məktəblərin açılmasından da 10 gün keçir. Bu, təxminən virusun inkubasiya dövrünə bərabər müddətdir. Odur ki, əyani tədrisin açılmasının yoluxma dinamikasına konkret təsirindən danışmaq olar. Yoluxma göstəriciləri nə deyir, əyani tədrisin hansısa real təsiri varmı, yoxsa fərq eləmir?

Bu arada Tiflis Yoluxucu Xəstəxanasının direktoru Tengiz Tsertsvadze deyib ki, tezliklə xaricdən Gürcüstan xəstəxanalarına COVİD xəstələrinin vəziyyətinin ağırlaşma riskini ciddi şəkildə azaldan ən yeni 2 dərman preparatı daxil olacaq:

“İki yeni dərman alacağıq. Biri ”Barisitinib", digəri monoklonal antitellərdir. Hər ikisi də koronavirusun müalicəsində ən yeniləridir və bu günün ən perspektivli dərmanları hesab olunur". Azərbaycanda bu preparatlar və ya onları əvəz edən varmı?

Arasdırma.info xəbər verir ki, həkim-infeksionist Nicat Əzimli Musavat.com-a açıqlamasında “Barisitinib” və monoklonal antitellərin xəstəliyin ilk mərhələsində çox effektiv olduğunu bildirib: "70-71 faiz sağalma ilə nəticələnən preparatlardır. Amma istehsalı baha qiymətə başa gəlir, yəni istehsalı və əhaliyə geniş şəkildə tətbiq olunması maddi cəhətdən çətinlik yarada bilən dərmanlardı. Amerikada ilk dəfə olaraq bu dərmanlarla müalicəyə başlanılıb. Orada bunların qiyməti olduqca bahadır. Lakin “Remdesivir” xəstəliyin daha ağır formalarında, nisbətən orta ağır və yüngül, amma riskli xəstələrdə isə dediyimiz bu monoklonal antitellər çox yaxşı effekt verir".

N.Əzimli onu da əlavə edib ki, pandemiyanın ilkin mərhələlərində bildirilirdi ki, uşaqlar arasında yoluxma daha sürətlə gedir və uşaqların yoluxduruculuq qabiliyyəti, COVİD-19-u digərlərinə ötürmə xüsusiyyəti daha yüksəkdir:

"Lakin son dövrlərdə araşdırmalar göstərir ki, bu doğru deyil. Elə uşaqlar da böyüklərdən fərqlənmir. Azyaşlılar da eynilə böyüklər qədər xəstəliyi digər şəxslərə ötürür. Amma uşaqlarla bağlı risk təşkil edən məqam odur ki, uşaqlarda vaksinasiya hələ genişmiqyaslı tətbiq olunmayıb. Ona görə də Azərbaycanda uşaqlar arasında yoluxmanın baş vermə ehtimalı böyüklərə nisbətən bu səbəbdən daha çoxdur. Bunu nəzərə alaraq uşaqlar arasında məktəblərdə əyani təhsil başlanandan sonra xəstəlik hallarının çoxalması ehtimalı var.Ancaq indiki rəqəmlərə baxdıqda biz bunu hələ ki görmürük. Ümid etmək olar ki, bu baş verməz. Çünki təkcə vaksinasiya deyil, eləcə də xəstələnmə halları insanlarda immunitet formalaşdırır, yəni təbii immunitet. Öncəki dalğalarda uşaqlar arasında da yoluxmalar baş verdiyinə görə onların orqanizmdə də artıq immunitet formalaşıb. Onlar yoluxma zəncirini qırır, ümid etmək olar ki, bu təbii immunitet məktəblərin açılmasından sonra yoluxma səviyyəsinin artmasına çox böyük təsir göstərməz"//axar.az



REKLAM