Yeni “hind variantı”ından ilk ölüm baş verdi
Hindistanın Madhya-Pradeş ştatında koronavirusun “delta-plyus” ştammından ilk ölüm faktı qeydə alınıb. Bu haqda ştatın səhiyyə naziri Vişvas Saranq jurnalistlərə bildirib. “Delta-plyus” ştammı bundan əvvəl Hindistanda meydana çıxan və sürətlə dünyanın 100-dən çox ölkəsinə yayılan “delta” ştammından daha çox yoluxdurucudur, mütəxəssislər onun ildırım sürəti ilə yoluxdurduğunu bildirir. Hətta bu ştamma yoluxmuş adamın yanından maskasız ötüb keçəndə belə, yoluxma baş verir. Üstəlik “delta-plyus” ştammı daha ölümcüldür, ağ ciyərləri daha sürətlə sıradan çıxarır və hüceyrələrini dağıdır.
Nazir bildirib ki, ştat ərazisində “delta-plyus” ştammına 5 yoluxma təsdiqlənib. “Qeyd etmək lazımdır ki, bu ştamma yoluxanlardan dördü daha əvvəl vaksin vurdurub və indi sağlamdır, ancaq vaksin vurdurmayan pasiyent virusdan ölüb”,-Saranq bildirib. Nazir bir daha əhalini koronavirusa qarşı vaksin vurdurmağa çağırıb.
“Delta-plyus” ştammının Hindistandan başqa digər ölkələrdə qeydə alındığına dair hələlik məlumat yoxdur, amma mütəxəssislər bu ştammın sürətlə Avropada yayılacağını proqnozlaşdırır.
Hindistanda koronavirusun "delta" ştammı son bir neçə ay ərzində hər gün minlərlə adamın ölümünə səbəb olub, ölkədə humanitar böhran yaranıb, ölənləri iri şəhərlərin parklarında, küçənin ortasında yandırmağa məcbur olublar. Qanq çayına hər gün koronavirusdan ölən yüzlərlə adamın meyiti atılıb.