Yaşıl alçanın faydaları: Bu adamlar yeməsin - DİQQƏT
Yaz aylarının ən çox yeyilən meyvələrindən biri alçadır. Alçanı sevməyən yoxdur. Əslində haqlıdırlar da. Çünki, yaşıl alçanın bir çox faydalı xüsusiyyətləri var.
Sehiyye/info Lent.az- a istinadən məlumat verir ki, yaşıl alça təbii antioksidantlarla zəngindir. Antioksidantlar orqanizmi cavanlaşdırır və artıq ziyanlı maddələrdən təmizləyir.
Alçanın tərkibində bir çox faydalı maddələr var - orqanik turşular, pektin, A, PP, C vitaminləri, dəmir, kalsium, maqnezium, kalium, fosfor və s. Alça C vitamini ilə olduqca zəngindir. C vitamini orqaniz üçün ən vacib olan vitaminlərdən biridir. Bu vitamin orqanizmdə gedən bir çox proseslərdə iştirak edir - immun sisteminin vəziyyətini yaxşılaşdırır, dəriyə müsbət təsir edir, orqanizmdə qocalma prosesləri ləngidir və s.
Alça avitaminozla mübarizə edir. Alça və alçadan hazırlanan souslar (tkemali və s.) yağlı qidaların daha asan mənimsənilməsinə kömək olur. Alça həzm prosesləri yaxşılaşdırır. Təbii liflərlə zəngin olan alça qəbizliklə mübarizədə çox yaxşı kömək edir. Alça kalium və maqnezium elementləri ilə zəngindir. Bu iki element insanın ürək-damar sisteminin normal fəaliyyəti üçün olduqca vacibdir.
Turşularla zəngin olan alça orqanizmdə olan piyləri parçalayır, xolesterinin və şəkərin səviyyəsini aşağı salır. Arıqlamaq istəyən insanlar alçanı öz pəhrizinə daxil etməlidir.
Amma bəzi xəstəliklər zamanı alçanın qəbulu əks göstəriş sayılır. Belə ki, mədə və 12 barmaq bağırsağı xorası xəstəliyi, qastrit zamanı alçanın qəbulu xəstənin vəziyyətinə mənfi təsir edə bilər, ağrıların inkişafına təkan verir. Bundan əlavə alçanın çoxlu miqdarda qəbulu diş emalına mənfi təsir edə bilər. Mədədə ağırlıq, köp və s. xoşagəlməz hallara səbəb olur. Alçanın çəyirdəklərinin tərkibində az miqdarda sianid turşusu var. Bu maddə güclü zəhərdir. Bu səbəbdən alçanın çəyirdəklərinin içərisində olan "qozları" yemək tövsiyə edilmir. Bu zəhərlənməyə səbəb ola bilər. Xüsusilə, bu kiçik yaşlı uşaqlar üçün təhlükəlidir.