Gün ərzində 150-400 qram meyvə qəbul etmək məsləhətdir
Mövsümi meyvələr orqanizm üçün çox faydalıdır. Məsələn, alça qida lifləri ilə zəngindir, tərkibində A, C və K vitaminləri var. Maqnezium və kaliumla zəngin olan üzüm isə B1 və B2 vitaminləri deposudur. Həmin meyvələrin tərkibindəki mikroelementlər orqanizmin tələbatının xeyli hissəsini ödəyir.
Azərbaycan Tibb Universitetinin həkim-diyetoloqu Leyla Zülfüqarlı AZƏRTAC-a bildirib ki, almanın tərkibində ən çox üstünlük təşkil edən dəmir elementidir. Onun dediyinə görə, sitrus meyvələrinin tərkibi isə C vitamini zəngin olduğuna görə yazda onların yeyilməsi məsləhətdir. Yaz mövsümü qrip mövsümü sayılır, C vitamini isə qripə qarşı immuniteti gücləndirir.
Mövsümü meyvələr bir sıra xəstəliklərin yaranmasının qarşısını alır. Məsələn, çiyələk qan azlığı, oynaq ağrılarını aradan qaldırılması, alça qan dövranının yaxşılaşması, gilas diabetik riskin aşağı salınması üçün istifadə oluna bilər.
Həkim-diyetoloq deyib: “Tərkibindəki qida lifləri günlük qida maddələrinə olan 30 milliqramlıq ehtiyacı ödəyir. C vitamini orqanizmdə depolanmır və giləmeyvələrlə qidalananda orqanizmin həmin vitaminə olan tələbatı ödənilir. Məsələn, alça turş giləmeyvə olsa da, turşuluğu çoxaltmır və ödqovucu təsir göstərir, qan dövranını yaxşılaşdırır”.
Mütəxəssislər gün ərzində 150-400 qram meyvə qəbulunu tövsiyə edirlər. Həddən artıq meyvə yemək mədə turşuluğunu artıra və bəzi problemlərə səbəb ola bilər.