sehiyye.info

Fibroadenoma çox zaman xərçəngə çevrilmir

Fibroadenoma çox zaman xərçəngə çevrilmir
Son zamanlar gənc qadınlar arasında süd vəzi xəstəliklərindən biri olan fibroadenomalar geniş yayılıb. Bəzən həmin xəstəlik haqqında dəqiq məlumatı olmayanlar fibroadenomanın mütləq bədxassəli şişə çevriləcəyini düşünürlər. Lakin bu kütlə heç də həmişə xərçəngə çevrilmir.

Sehiyye.info AZƏRTACa istinadla xəbər verir ki, bu sözləri Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasının həkimi, radioloq-mamoloq Günel Qəmbərova deyib.

“Fibroadenoma əsasən 18-40 yaş arasında rast gəlinən süd vəzi törəməsidir. O, sərt bir kütlədir, kistadan fərqli olaraq hətta ölçüsü 1 santimetr olduqda belə əl ilə rahatlıqla aşkarlana bilər. Fibroadenoma çox zaman xərçəngə çevrilmir. Ancaq getdikcə böyüyə və sayı arta bilər. Mütləqdir ki, bir müddətdən sonra fibroadenomanın tərkibinin analizi aparılsın. Çünki bu kütlənin həcmi dəyişə bilər. Bu da insanda çaşqınlıq yaradır. Fibroadenomalar hamiləlikdə, südvermə dövründə böyüyə bilər, zahılıq zamanı isə hətta kiçilə bilər. Bu düyünlər estrogen hormonunun təsiri fonunda böyüyür, ona görə də hamiləlikdə kütlələr daha giqant ölçüyə çatır. Menopauza dönəmində isə ölçüləri kiçilir.

Fibroadenomalar əldə hərəkətli, kənarı sərt, dəqiq bir kütlə kimi hiss olunur. Radioloji olaraq diaqnoz ultrasəs müayinəsi və mamoqrafiya ilə qoyulur, ancaq mütləq şəkildə sitoloji verifikasiya tələb edir.

Əgər fibroadenoma ağrı vermirsə, ölçüsü kiçikdirsə, kontrol müayinələrdə ölçü böyümürsə, biopsiya ilə diaqnozu dəqiqləşibsə, onda müalicə tələb olunmur. Belə olduğu halda yalnız kontrol ultrasəs müayinəsi və mamoqrafiya yetərlidir.

Fibroadenomanın ölçüsü böyükdürsə və ağrı verirsə, biopsiyada şübhəli bir durum aşkarlanırsa, cərrahi əməliyyata ehtiyac duyulur. Qeyd edim ki, fibroadenoma yalnız cərrahi müdaxilə ilə aradan qaldırılır və onun konservativ müalicəsi yoxdur. Əməliyyat növü mamoonkoloq-cərrah tərəfindən seçilir”.



REKLAM